Azərbaycan prezidenti Qusar-Ləzə avtomobil yolunun və Şahdağ turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Qusar-Ləzə avtomobil yolunun və Şahdağ  turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak edib  - <span style="color: red;">FOTOSESSİYA
# 20 dekabr 2012 20:56 (UTC +04:00)

APA-nın veridiyi xəbərə görə, nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi zamanı yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət yetirilib. Azərbaycan prezidentinin tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə gedən avtomobil yolu genişləndirilib, körpülər salınıb, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Görülən tədbirlər ilin bütün fəsillərində turistlərin kompleksə gediş-gəlişini asanlaşdırıb.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Bildirilib ki, yolun inşasına Nəqliyyat Nazirliyinin sifarişi ilə 2007-ci ildə başlanılıb. İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunub.

Sonra prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusarda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinin açılışında iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki,
Şahdağ qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılıb.

Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün il boyu fəaliyyət göstərəcəkdir. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Qeyd edilib ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilmişdir. İnşası başa çatdırılan otellərdə yaradılan şərait təsdiqləyir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleksin dünya standartlarına uyğun hazırlanması diqqət mərkəzində saxlanılıb. Şahdağ qış-yay turizm kompleksinin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir.

Məlumat verilib ki, ikimərtəbəli “Zirvə” otelinin ərazisində xüsusi dizaynla abadlaşdırma işləri görülmüş, yaşıllıq zolağı salınıb.
Ərazinin planına baxan dövlət başçısının diqqətinə çatdırılıb ki, “Zirvə” oteli əsas lift bazasında yerləşir. Burada üçü VİP olmaqla, bütövlükdə 40 nömrə vardır.
Oteldə yaradılmış şəraitlə tanış olan prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, bütün nömrələrdə turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Burada uşaqlar üçün ayrıca istirahət guşəsi də qurulub. Oteldə ofis otaqları ilə yanaşı, kafe, restoranlar, konfrans zalı, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və digər əyləncə obyektləri vardır.

Azərbaycan prezidenti və xanımı otelin eyvanından ərazini seyr edərək görülən işlərlə tanış oldular.
Sonra otelin konfrans zalına gələn prezident İlham Əliyevə məlumat verilib ki, hazırda burada kompleksdə çalışacaq heyətin hazırlanması üçün treninqlərə başlanılıb. İndiyədək 160 yerli mütəxəssis kurslara cəlb olunub.
VİP nömrədə yaradılan şəraitlə tanış olan prezident daha sonra otelin tibb mərkəzinə gəlib. Bildirilib ki, burada əməliyyat, rentgen, stomatologiya bölmələri fəaliyyət göstərir. Ayrıca laboratoriya, terapevt və manipulyasiya otaqları da yaradılıb. Mərkəz müraciət edən turistlərə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün müasir avadanlıqla təchiz olunub.
Sonra Azərbaycan prezidenti ərazidən lift bazanı seyr edib. Bildirilib ki, bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Bazada prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün hərtərəfli şərait yaradılıb.

Bildirilib ki, turistlərin xizək enişinə çatdırılmaları üçün kanat yolları inşa olunub. Kompleksdə süni qaryağdırma sistemi də yaradılıb. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılıb. Bazada xüsusi avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə çatdırılmasında istifadə olunacaq.
Diqqətə çatdırılıb ki, kompleksə daxil olan 2 nömrəli kanat yolu və xizək enişi 2011-ci ilin yanvarında iştifadəyə verilib.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelə gələn turistlər üçün xüsusi olaraq yaradılmış idman mağazasında olublar. Bildirilib ki, burada qış idman növləri ilə məşğul olmaq istəyən turistlərin maraqları nəzərə alınıb. Mağazadakı malları həm icarəyə götürmək, həm də satın almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR