Toksikoloq: “Bu il dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı artıb”

Toksikoloq: “Bu il dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı artıb”
# 19 dekabr 2012 13:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzi 436 müraciət daxil olub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, cari il ərzində müraciət edənlərin 3-ü ölümlə nəticələnib. A.Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 60%-i mərkəzə ağır vəziyyətdə gətirilib: “Qalanları isə orta-ağır və yüngül dərəcədə olub. Müraciətlər Bakı və paytaxt ətrafı bütün qəsəbə, rayonlardan daxil olub”.

A.Maqsudov qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı artıb. Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə dəm qazından zəhərlənmə ilə bağlı 346 müraciət daxil olmuşdu: “Ümumilikdə bununla bağlı müraciətlər çox olur. Elə gün olur ki, dəm qazından zəhərlənmə ilə bağlı 10-12 müraciət edilir. Müraciət edənlər arasında daha çox qadınlar üstünlük təşkil edir. Uşaqlar isə tək-bir halda qeydə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR