Azərbaycan taekvondoçuları Las Veqasdan 5 medalla qayıdırlar

Azərbaycan taekvondoçuları Las Veqasdan 5 medalla qayıdırlar
# 24 fevral 2012 09:17 (UTC +04:00)
Bakı-APA. Las Veqasda keçirilən taekvondo üzrə ABŞ-ın açıq çempionatına (“US Open”) yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnir Azərbaycan yığması üçün uğurla başa çatıb. Taekvondoçularımız yarışda 4 gümüş və 1 bürünc medala sahib olublar.
Belə ki, London Yay Olimpiya Oyunlarına lisenziya təmin edən Ramin Əzizov (80 kq) zədə səbəbindən final döyüşünə çıxa bilməyib. Millimizin daha bir üzvü İlkin Şahbazov (74 kq) da yarışdan gümüş medalla ayrılıb. Fariz Əliyev (74 kq) isə yarımfinalda qələbəni əldən verməklə, bürüncə sahib olub.
Qadın taekvondoçularımızdan Xəyalə Quliyeva (46 kq) və Fəridə Əzizova (67 kq) ikinci yeri tutublar. Səbinə Mikayılova (62 kq) isə mübarizəni 1/4 finalda dayandırmalı olub. Bundan başqa, Azərbaycan millisi turnirin ən mübariz komandası mükafatına da layiq görülüb.
Qeyd edək ki, WTF-in “G2” kateqoriyalı bu yarışında qaliblərə 20, finalçılara 12, bürünc mükafatçılara isə 8 reytinq xalı verilir. Ramin Əzizovla Fəridə Əzizovanın London Olimpiadasındakı 15 potensial rəqibindən 3-ü “US Open”də iştirak ediblər. Milli komandamız fevralın 27-də Vətənə dönəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR