Lavrov: "Krımda diversiya cəhdi Normandiya dialoquna təsir edib"

Lavrov: "Krımda diversiya cəhdi Normandiya dialoquna təsir edib"
# 15 avqust 2016 12:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Ukraynanın Krımda diversiya cəhdi Normandiya formatında danışıqların bərpasına təsir edib".


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Yekaterinburqda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.


"Almaniyalı həmkarımla görüşdə Normandiya formatında dialoqun bərpasının mümkünlüyünü və perspektivlərini müzakirə etdik. Ukrayna Krımda diversiya törətməyə cəhd edib, nəticədə rusiyalı hərbçilər həyatlarını itiriblər. Bütün bunlar Normandiya formatında dialoqa təsir etməyə bilməz", - deyə Rusiya XİN başçısı qeyd edib.

S. Lavrov Moskvanın Ukrayna tərəfinin Krımda diversiya hazırlığına dair təkzibolunmaz sübutlara malik olduğunu söyləyib: "Rusiya əlavə sübutları Qərb tərəfdaşlarına təqdim etməyə açıqdır. Biz məlum olanları həqiqətən də gizlətmirik. Saxlanılan şəxsləri və onların ifadələrini göstəririk. Əlbəttə ki, televiziyada hər şeyi göstərə bilmərik. Lakin təkzibolunmaz sübutlarımız var ki, bu, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı tərəfindən əvvəlcədən planlaşdırılmış diversiya aktı olub və Krımda sabitliyi pozmaq məqsədi daşıyıb. Belə halların təkrarlanmamasında maraqlı olanlara bu faktları təqdim etməyə hazırıq. Bunun üçün Kiyevə təsir göstərmək lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR