Olly Noroyono: "Azərbaycanlı sürücüləri heç zaman unutmayacağam" - FOTOSESSİYA

Olly Noroyono: "Azərbaycanlı sürücüləri heç zaman unutmayacağam" - <span style="color: red;">FOTOSESSİYA
# 28 sentyabr 2015 07:50 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Sentyabrın 30-u Azərbaycan jurnalistlərinin yaxın dostlarından biri olan Asiya İnkişaf Bankının Bakı ofisinin direktoru Olli Noroyono (Olly Norojono) səlahiyyət müddəti başa çatdığından Azərbaycanı tərk edir. Azərbaycan jurnalistlərinin yaxın dostlarından biri əbəs yerə yazmadım. Cənab Noroyono Azərbaycandakı 5 illik fəaliyyəti ərzində həmkarlarımla (xüsusilə, iqtisadi jurnalistika ilə məşğul olanlar təsdiq edər) dost olub.

Oxuyacağınız müsahibədə onunla bir çox maraqlı məqamlardan danışdıq: ana dilimizdə öyrəndiyi ilk söz, ən sevdiyi milli yeməklərimiz, Azərbaycanda ən sevdiyi və sevmədiyi yerlər və s. barəsində.

- İstərdim lap əvvələ qayıdım. Azərbaycana təyinat almazdan öncə ölkəmiz haqqında nələri bilirdiniz?

- Asiya İnkişaf Bankına 2002-ci ilə gəlmişəm. O zaman Cənubi Asiya departamentində 4 il çalışdım. Söhbət Filippin, İndoneziya kimi ölkələrdən gedir. Sonradan mən Qərbi və Orta Asiya departamentinə keçdim. Bu departamentdə də 4 il fəaliyyət göstərdim. Burada isə Əfqanıstan və Pakistan kimi ölkələrlə işləyirdim.

Açığı, Azərbaycan haqqında, o cümlədən insanları, tarixi, bizim bankımızla aparılan əməliyyatlar haqqında məlumatlı deyildim. Lakin mənə Asiya İnkişaf Bankının Bakı ofisinin direktoru vəzifəsi təklif olundu və mən təklifi qəbul etdim. Bundan sonra başladım Azərbaycan barəsində maraqlanmağa. Eyni zamanda, Azərbaycana gələndən sonra ölkənizin nə qədər inkişaf etdiyini gördüm. Bundan başqa, buranın insanlarının, mətbəxinin, havasının, mədəniyyətinin məndə çox xoş təəssürat yaratdığını deyə bilərəm. Bir regiondan fərqli regiona gəlmişdim və bu, məndə qeyri-adi ab-hava yaratdı.

- Yuxarıda sadalananlar barəsində ətraflı danışacağıq. Mənə maraqlıdır, Azərbaycan dilində öyrəndiyiniz ilk söz hansı olub?

- Salam (gülür). Bizim dilimizdə də bu, eyni sözdür. Səslənişi də rahatdır. Bundan başqa, başqa bir məkana düşəndə ilk olaraq salamlaşmağı öyrənmək vacibdir.

- Bəs indi neçə söz bilirsiniz bizim dilimizdə?

- Bil-mi-rəm (gülərək azərbaycanca cavab verir)... Söz bazam məhduddur. Açığı, deyə bildiyim və başa düşdüyüm sözlərin sayı azdır.

- Təbii ki, Sizin buradakı fəaliyyətiniz yalnız işlə məhdudlaşmayıb. İnsanlarla, məsələn, qonşularınızla, bir dükana girdikdə satıcı ilə ünsiyyətdə çətinlik olur?

- Mənim yaşadığım binanın meneceri azərbaycanlıdır. İş elə gətirib ki, o, ingilis dilində zəif bilir, mən isə azərbaycanca. Ona görə, çalışıram ki, onunla ünsiyyət zamanı azərbaycanca danışım. Məsələn, "nə var, nə yox?" ifadəsini ondan öyrənmişəm. Bu ifadənin mənasını soruşdum. Menecer ingilis dilində mənasını izah edə bilməyib keçdi rus dilinə: "Çto yest, çto net?" (gülür) Təxminən anladım ki, "kak dela?" demək istəyir. Açığı, mənə ən çox verilən sual məhz "nə var, nə yox?" olur. Mənim də cavabım "yax-şı" olur.

- Tədbirlərdə fikir vermişəm, deyəsən, Sizin yeməklə bir o qədər aranız yoxdur...

- Açığı, donuz ətindən başqa hər şeyi yeyirəm. Sözsüz ki, yeməyin miqdarına fikir verirəm, lakin az da olsa, hər şeyin dadına baxmağa çalışıram.

- Yemək barəsində əbəs yerə söz açmadım. Artıq 5 ildir ki, Azərbaycandasınız və milli yeməklərimizdən dadmağa kifayət qədər vaxtınız olub. Ən sevdiyiniz milli yeməyimiz hansıdır?

- Antrikot (gülür).

- Bəs TOP-5 tərtib edə bilərsiniz?

- Antrikot öz yerində... Manqal salatı, bozbaş...

- (Eşitdiyimə inanmayıb sözünü kəsirəm) Bozbaş?! Bu cavabı gözləmirdim...

- Niyə? Çox dadlı yeməkdir. Dördüncü yerə sacı qoyardım. Beşinci yerdə isə olsun qutab, lakin boranı qutabı. Çox dadlı olur sizin boranı qutabınız. Yeməklərinizin hamısı dadlıdır. Məsələn, kənd toyuğunu da çox sevirəm. Amma siz 5 ən yaxşısını sadalamağımı istədiniz.

- Açığı, siyahıda dolmanın olmamasına təəccübləndim...

- Dolma yaxşı yeməkdir, lakin tənək dolmasını sevmirəm.

- Deyilənə görə, Bakıda yaxşı boranı qutabı olmur...

- Doğrudur. Bakıda daha çox ət və göyərti qutabı olur. Amma rayonlara getdikdə, mütləq boranı qutabının dadına baxıram.

- Rayonlardan söz düşmüşkən, ən çox sevdiyiniz region hansıdır?

- Hər bir regionunuz öz-özlüyündə unikaldır, hər birinin öz gözəlliyi var. Çox yerlərə gedirik işlə əlaqədar. Məsələn, tez-tez getdiyimiz yerlərdən Naxçıvanı çox sevirəm. Daha çox sakit kəndləri sevirəm. Məsələn, mən elə bir kəndlərdə olmuşam ki, bəlkə də siz orada olmamısınız və ya heç adını da eşitməmişsiniz.

- İddialı danışdınız. Adı nədir kəndin?

- Sundu kəndi.

- Etiraf edim ki, orada olmamışam, heç adını da eşitməmişəm.

- Qobustan rayonunda yerləşir. Balaca bir kənddir. Çox sakit bir yerdir. Əla havası, insanları var. Belə yerləri sevirəm. Təbii ki, Şəki, Qəbələ, Şamaxı, Quba, Lənkəran, Lerik, Xızı da gözəldir. Oradakı istirahət mərkəzlərinin hamısında olmuşam. Amma kənd həyatı başqa cür gözəldir. Sadəcə olaraq, bu cür yerlərdən həzz almaq lazımdır.

- Bilirəm ki, azərbaycanlıları çox sevirsiniz. Bir azərbaycanlının hansı xüsusiyyətlərini önə çəkə bilərsiniz?

- Ən çox mehriban və qonaqpərvərliyinizi önə çəkə bilərəm. Sizinlə dost olmaq çox asandır. Bu, çox vacib keyfiyyətdir və mən buna çox önəm verirəm. Məsələn, sizinlə şəxsi münasibətlərimizi misal gətirmək olar (gülür).

- Ola bilər ki, indi verəcəyim sual Sizin üçün gözlənilməz olsun, amma yenə də soruşacağam. Siz olduqca təmkinli, səbrli insansınız. Eyni zamanda, Siz sürücüsünüz, özü də Bakı kimi yerdə. Yəqin ki, anladınız söhbəti hara aparıram...

- Məni yeganə əsəbiləşdirən amil sizin sürücülərinizin maşın idarə etməsidir. Maşını digərinə çox yaxın sürürlər. Bunu anlaya bilmirəm. Arada mənə elə gəlir ki, maşınımı sürtəcəklər, qəza baş verəcək. Qeyri-iş vaxtı maşını özüm sürürəm. Yaxın məsafə olanda, çalışıram ki, piyada hərəkət edim. Bu, daha təhlükəsizdir. Sizin sürücülər sanki harasa tələsir. Bəzən görürsən ki, tıxacda kiçicik bir yer var və sürücülər o kiçicik yerə girmək üçün mübarizə aparır.

- Qəzaya düşmüşsünüzmü?

- Bir dəfə kiçicik qəza baş verib.

- Günah kimdə olub?

- Deməyəcəyəm (gülür)...

- Deməyə ehtiyac qalmadı... Hadisələrdən söz düşmüşkən, iş və ya qeyri-iş zamanı baş vermiş maraqlı bir hadisə qalıb yaddaşınızda?

- Elə o xatirələrin çoxu sizin sürücülərlə bağlıdır. Bura parkinq problemlərini də əlavə edə bilərəm. Azərbaycana yenicə gələndə, parklanmaya uyğunlaşa bilmirdim. Sonradan alışdım. Elə olur ki, maşını saxlayırsan, bir müddət sonra gəlib görürsən ki, arxanda, yəni ikinci cərgədə kimsə maşın saxlayıb və çıxa bilmirsən. Azərbaycan sürücülərini heç zaman unutmayacağam.

- Sentyabrın 30-u Azərbaycanı tərk edirsiniz. Hara gedəcəyiniz artıq bəllidir?

- Bəli, Manillaya, Baş ofisə qayıdacağam. Sakit Okean regionu üzrə nəqliyyat, kənd təsərrüfatı və təbii ehtiyatlar departamentinin rəhbəri kimi fəaliyyət göstərəcəyəm.

- Sizin rəhbərliyiniz altında Azərbaycanda bir sıra layihələr həyata keçirilib. Ən uğurlu layihəniz hansı sayıla bilər?

- Başa çatmaqda olan bir neçə layihənin adını çəkəcəyəm. Məsələn, Gəncə dolama yolu, bir neçə kəndi birləşdirən yol şəbəkəsi layihələri olduqca əhəmiyyətlidir. Bundan başqa, Naxçıvanda həyata keçirdiyimiz su təchizatı layihəsi də çox vacib layihələrdəndir. Bu layihələrin artıq müsbət nəticələri görünür. Hazırda reallaşdırılan layihələr barədə nə isə demək çətindir, çünki nəticələri bəlli deyil. Amma cənub istiqamətində çəkilən magistral avtomobil yolu olduqca əhəmiyyətli və səmərəli layihədir.

- Yekun sualım isə Sizin yerli media, xüsusilə iqtisadi sahəni işıqlandıran jurnalistlərlə münasibətiniz barədədir. Tam səmimi deyirəm, gedişiniz bizim üçün böyük itkidir. Bilirsiniz ki, şəxsi keyfiyyətlərinizə görə, Sizi 5 il ərzində çox sevdik, qarşılığını da gördük. Lakin qarşılığını sözdə deyil, daim əməllərinizlə bizə göstərdiniz. İndi biz jurnalistlər haqqında düşündüyünüzü dilə gətirə bilərsiniz?

- Bu müddət ərzində dostluğumuza böyük önəm, dəyər verdim, bu münasibətlər mənim üçün çox qiymətlidir. Azərbaycandan ayrılmağımın önəmi yoxdur, çünki dostuq məsafə tanımır.

Bu il Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısında bizim mediaya, o cümlədən medianın bizə göstərdiyi münasibətin nə dərəcədə gözəl olduğunu gördük.

Tutduğum vəzifədən asılı olaraq, məni daha çox xəbərlərin dəqiq işıqlandırılması idi ki, siz də bu müddət ərzində bunun öhdəsindən layiqincə gəldiniz. İnsanlar bizim mesajlarımızı sizin vasitənizlə alır. Siz də əsl dost kimi, bu mesajları dəqiq çatdırmağı bacarırsınız.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR