Məcburi müalicəyə cəlb edilən narkoloji xəstə məhkumlara qohumları ilə görüşməyə icazə veriləcək 

Məcburi müalicəyə cəlb edilən narkoloji xəstə məhkumlara qohumları ilə görüşməyə icazə veriləcək 
# 04 fevral 2016 23:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda narkoloji xəstə məhkumlara məcburi müalicə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda əksini tapıb.

Məhkumun məcburi müalicəsi cəza çəkdiyi müəssisədə həkim-narkoloqtərəfındən təyin edilmiş müayinə və müalicə planı əsasında həyata keçirilir. Məcburi müalicə zamanı müayinə və müalicə müəssisədə ambulator və ya stasionar qaydada aparılır. Məcburi müalicənin aparılması barədə bütün tibbi məlumatlar məhkumun tibbi kitabçasında qeyd olunur. Məhkumun tibbi kitabçasında xəstənin səhhətinin vəziyyəti (psixi və somatik) barədə qeydlər ilk 2 ay müddətində həftədə bir dəfə, qalan müalicə müddətində isə ayda 2 dəfədən az olmayaraq aparılır. Məcburi müalicəyə cəlb edilmiş xəstəyə həkim-narkoloq tərəfındən müayinə planına əsasən ilk dəfə daxil olduqda dərhal, sonradan ildə bir dəfə döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi, 6 aydan bir ümumi və kliniki-laborator müayinələr, yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, B və C hepatitləri, sifilis), tibbi göstərişlər olduqda digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışları tətbiq ediləcək. Müayinələrin aparılması müddətləri, digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışlarının təşkili həkim-narkoloqun əsaslandırılmış qeydləri əsasında həyata keçirilir. Məcburi müalicədə olduğu müddətdə həkim təyinatı olmadan xəstənin psixoaktiv maddələr qəbul etməsinə şübhə yaradan əlamətlər müşahidə edildikdə, faktı təsdiq və ya inkar etmək məqsədi ilə həkim-narkoloq tərəfındən narkoloji tibbi müayinə aparılır.

Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkuma qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalı, onlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkumların xarici aləmlə əlaqələri kəsilməməli, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məhkumlara öz ailələri, qohumları və kənar təşkilatların nümayəndələri ilə görüşmələrinə, poçt, telefon və digər əlaqə vasitələri ilə əlaqə saxlamalarına icazə verilməlidir. Narkoloji xəstə məhkumlar psixoloji yardımla təmin edilirlər. Məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi zamanı zəruri müayinələrin aparılması məqsədi ilə narkoloji xəstə məhkumlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə (bundan sonra - müalicə müəssisəsi) köçürülürlər. Müayinələr başa çatdıqdan sonra narkoloji xəstə məhkum dərhal cəzaçəkmə müəssisəsinə geri qaytarılır. İxtisaslaşdırılmış müalicə müəssisəsində tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsi həmin müəssisədə fəaliyyət göstərən həkim-məsləhət komissiyası tərəfındən həyata keçirilir.


Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfındən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir. Cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR