Mütəxəssis: “Qidalanma, az hərəkətlilik, stress təzyiqin artmasında mühüm rol oynayır”

Mütəxəssis: “Qidalanma, az hərəkətlilik, stress təzyiqin artmasında mühüm rol oynayır”
# 28 iyun 2016 18:37 (UTC +04:00)

“Əvvəllər yüksək təzyiq yaşla əlaqələndirilirdisə, hazırda belə məfhum yoxdur”

“Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan bir problemdir. İqtisadi baxımdan orta səviyyədə inkişaf etmiş ölkələrdə ölümün səbəbləri arasında səkkizinci yerdə bu problem durur. Yüksək təzyiq sistolik arterial təzyiqin 140-dan, diastolik arterial təzyiqin isə 90 millimetr civə sütunundan yuxarı qalxmasıdır”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Klinik farmakologiya kafedrasının əməkdaşı, Tədris Terapevtik Klinikasının şöbə müdiri Kəmalə Ağayeva deyib.

K. Ağayeva bildirib ki, yüksək təzyiqin 95 faizi essensial hipertenziyanın, yəni hipertoniyanın payına düşür, qalan 5 faizi isə simptomatik hipertenziya təşkil edir.

Onun sözlərinə görə, digər xəstəliklər kimi yüksək təzyiq problemi ilə bağlı da cavanlaşma yaranıb: “Yaşı 30-dan çox olan şəxslərdə 30-35 faiz hallarda yüksək təzyiqə rast gəlinir. Əvvəl bu xəstəlik yaşla bağlanırdısa, hazırda belə məfhum yoxdur”.

Yüksək təzyiq riskləri arasında əsas yeri nefropatiya və böyrək səbəbli problemlərin tutduğunu deyən K. Ağayeva vurğulayıb ki, qeyri-rasional qidalanma, az hərəkətlilik təzyiqin yüksəlməsində mühüm rol oynayır.

Mütəxəssis deyib ki, birinci növbədə arterial təzyiqi yaradan səbəbi müəyyənləşdirmək lazımdır. Onun sözlərinə görə, simtomatik hipertenziyanın özünün səbəbləri var: “Yəni essensial hipertenziya daxili orqanlarda heç bir problem olmadan, heç bir üzvi dəyişiklik baş vermədən yaranırsa, simprtomatik, ikincili hipetrenziya daxili orqanlarda olan hər hansı üzvi dəyişiklik, yəni vegetativ orqanların xəstəlikləri nəticəsində ortaya çıxır”.

Yüksək təzyiqin yaranmasının endokrin, nefrogen səbəblərlə də bağlı olduğunu deyən həkim qeyd edib ki, simptomatik hipertenziyanın 4 faizi nefrogen, 0,1-0,3 faizi endokrin mənşəli olur.

Xarici amillərin, dərman vasitələrinin təsiri nəticəsində də simptiomatik hipertenziyanın yarandığını deyən K. Ağayeva bildirib ki, arterial hipertenziya deyəndə nəinki təzyiqin səviyyəsinə diqqət yetirmək, eyni zamanda risk amillərini nəzərə almaq lazımdır. Hədəf orqanlar - ürək, beyin, böyrəklər, damarların zədələnməsi mühüm əhəmiyyət kəsb etdiyi üçün onların vəziyyəti mütləq diqqətdə saxlanmalıdır.

K. Ağayevanın sözlərinə görə, essensial hipertenziyanın yaranmasında əsəb gərginliyi, stress faktoru 50 faiz təşkil edir.

Mütəxəssis hipertenziyanın yaranmasında rolu olan risk amillərinin iki qrupa bölündüyünü vurğulayıb: “Birincisi, müdaxilə oluna, korreksiya edilə bilən risk amilləri, ikincisi, korreksiya olunmayan risk amillərdir. Korreksiya olunması mümkün olmayan risk amilləri dedikdə buraya irsiyyət, yaş, cins daxildir, onları müdaxilə ilə dəyişmək mümkün deyil.

Dəyişdirilə bilən risk amilləri isə həyat tərzi, onun nəticəsində yaranan piylənmə, qanda xolesterinin səviyyəsinin yüksəlməsi, az hərəkətli həyat tərzi, insulinə rezistentlik (qanda şəkərin miqdarının artması) və sairədir. Bunlar hamısı hipertoniyaya gətirib çıxaran risk amilləridir. Bütün bunları dərman vasitəsi ilə korreksiya etmək mümkündür. Eyni zamanda həyat şəraitini, yəni xəstənin məişət, sosial, psixoemosional vəziyyətini, iş rejimini, qidalanmasını dəyişməyin mühüm əhəmiyyəti var”.

Həkim qeyd edib ki, ümumiyyətlə, risk qrupuna daxil olan insanlar duzdan, yağlı qidalardan çəkinməli, asan həzm olunan qidalara üstünlük verməli, daha çox hərəkətli olmalıdırlar.

K. Ağayeva qeyd edib ki, xətə həkimə müraciət edibsə, təzyiqini ölçüb, yüksək olduğunu qeydə almaqla iş bitmir. Xəstəni hərtərəfli araşdırmaq, məlumatlar toplamaq, bunun səbəbini öyrənmək lazımdır. Ona görə də əlavə riskləri də nəzərdən qaçırmaq olmaz.

“Əsas məsələ təzyiqin səbəbini aşkarlamaqdır” deyən mütəxəssis bildirib ki, bununla bağlı standart müasir müayinə metodları var. Buraya qanda xolesterinin miqdarının, kreatinin səviyyəsinin öyrənilməsi də daxildir: “Bunlar xəstə üçün təhlükəli risk amili sayılırsa, onda mütləq bu hal dərmanla korreksiya olunmalıdır. Təzyiqin özünün də dərmanla korreksiyası təzyiqin səviyyəsindən asılıdır. Ola bilər ki, xəstənin təzyiqi çox da yüksək deyil, amma onun yanaşı risk faktorları varsa, müdaxilə tələb edən hal sayıla bilər. Ola da bilər ki, xəstənin təzyiqi yüksəkdir, amma risk amilləri yoxdur”.

Endokrin mənşəli yüksək təzyiq barədə danışan mütəxəssis deyib ki, daha çox böyrəküstü vəzin zədələnmələri, onun şişləri zamanı təzyiq yüksəlməsi qeydə alınır. Onun sözlərinə görə, böyrəküstü vəzin elə problemi var ki, anidən çox yüksək təzyiq qeydə alına, saniyələr ərzində xəstənin sistolik təzyiqi 250-300-ə, diastolik təzyiqi isə 150-160 millimetr civə sütunu səviyyəsinə qədər yüksələ bilər. Eyni zamanda həmin şəxslərdə ölüm qoxusu, temperaturun yüksəlməsi, sidik ifrazının artması baş verir.

K. Ağayeva onu da deyib ki, qalxanabənzər vəzinin problemləri zamanı da təzyiqin yüksəlməsi mümkündür. Bununla bağlı şübhələr olanda qanda qalxanvari vəz hormonları yoxlanmalı, vəzin USM müayinəsi aparılmalıdır.

Bəzən arterial təzyiqin səbəbinin öyrənilməsinin çətin olması barədə suala cavabında həkim bildirib ki, səbəbi öyrənmək çətinləşirsə, deməli, bu essensial hipertneziyadır: “Yəni daxili orqanlarda hər hansı dəyişiklik olmadığı halda təzyiqin yüksəlməsidir. Damar hərəki mərkəzinin tonusunun artması nəticəsində ürəyin vurma həcmi yüksəlir və bu nəinki yaşlı, hətta cavan şəxslərdə baş verir”.

Təzyiqin ölçülməsi qaydası haqda danışan K. Ağayeva qeyd edib ki, təzyiq hər iki qolda ölçülməlidir: “Fərq varsa, bu mərkəzi sinir sistemində, periferik damarlarda olan xəstəliklər, ürək patologiyalarından xəbər verir. Hər hansı problem olmadığı hallarda, stress vəziyyətində təzyiq yüksəlir və təxminən üç-beş dəqiqə sonra normal halına qayıdır. Orqanizmin özünün adaptasiya mexanizmləri bunu qaydaya salır. Amma xəstə şəxslərdə təzyiq qalxandan sonra öz-özünə normal hala qayıtmır və bu zaman müdaxilə tələb olunur”.

Təzyiqin yüksəldiyi hallarda həkiməqədər ilkin tibbi yardım barədə danışan mütəxəssis deyib ki, təzyiqin yüksəldiyinə şübhələr olan kimi xəstəyə oturaq vəziyyət vermək lazımdır. Tromb, patologiyalar yoxsa, ayaqları isti suya qoymaq və mütləq təcili yardıma müraciət olunmalıdır. Onun sözlərinə görə, limon yeməklə, yaxud limonlu su içməklə təzyiqi aşağı düşəcəyini gözləmək düzgün yanaşma deyil: “Təzyiqin yüksəlməsində psixi-emosional faktor çox rol oynayır, ona görə də xəstələr adətən limon, itburnu içdikdən sonra təzyiqin düşəcəyinə inanırlar".

Yüksək təzyiqin enməsi məqsədilə özfəaliyyət şəklində dərman qəbulunun yolverilməz olduğunu deyən mütəxəssis “Dərmanı həkim təyin etməlidir. Dərman bütün göstəricilər nəzərə alınmaqla, fərdi qaydada təyin olunmalıdır. Hər bir təzyiq xəstəsinə fərdi yanaşmaq vacibdir. Elə dərman seçilməlidir ki, həyati vacib orqanlara hər hansı ziyan dəyməsin”, - deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR