Sabiq nazir müavininin məhkəməsi davam etdirilib

Sabiq nazir müavininin məhkəməsi davam etdirilib
# 06 noyabr 2015 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi Mehman Hacalıyev ifadə verib. O, ifadəsində bildirib ki M. Səlimovun sahib olduğu şirkətlə müqavilə bağlayıblar: “Onlar bizim hərbi hissənin tikintisi ilə bağlı sifarişimizi yerinə yetirdi”.

Daha sonra prosesdə hakim Z. Ağayev bildirib ki, digər şahidlər barəsində məcburi gətirilmə ilə bağlı qərar olsa da, onlar məhkəməyə gəlməyiblər. Hakim bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəklərini deyib.

Məhkəmə prosesi noyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, M. Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR