Azərbaycan "ITU Telecom World 2016" sərgisində iştirak edir

Azərbaycan "ITU Telecom World 2016" sərgisində iştirak edir
# 14 noyabr 2016 10:33 (UTC +04:00)

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, noyabrın 14-də tədbirin rəsmi açılış mərasimi keçirilib və mərasimdə Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao çıxış ediblər.

İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2016” fəaliyyətini noyabrın 18-dək davam etdirəcək.

Tədbirdə İKT sahəsi üzrə müxtəlif forumlar, müzakirələr və fikir mübadiləsi aparılacaq, sərgi hissəsində milli pavilyonlarda ölkələrin , şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək.

Sərgidə sahə üzrə nazirlər, sahibkarlar, tənzimləyici orqanların nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak edir. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətlər təmsil olunurlar.

Tədbirə 128 ölkədən 25 000 ziyarətçinin qatılması gözlənilir. Sərgidə 30-dək milli pavilyon, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu təşkil edilib.

Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao VİP tur çərçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar.

Tədbir müddətində ölkə təmsilçilərimizin Nazirlər toplantısında çıxışı, ikitərəfli görüşlər planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR