Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 18 sentyabr 2014 14:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il sentyabrın 12-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR