İntiqam Babayev: “Bu gün işsizliyin mövcudluğu iş yerlərinin olmaması ilə bağlı deyil”

İntiqam Babayev: “Bu gün işsizliyin mövcudluğu iş yerlərinin olmaması ilə bağlı deyil”
# 10 dekabr 2014 08:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Bu gün Azərbaycanda işsizliyin mövcudluğu iş yerlərinin olmaması ilə bağlı deyil. Hazırda kifayət qədər iş yerləri mövcuddur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, gənclər arasında işsizliyin aradan qaldırılması bilavasitə Gənclər və İdman Nazirliyinin səlahiyyəti çərçivəsində deyil: “Gənclər və İdman Nazirliyi yalnız məşğulluqla bağlı və digər dövlət normativ sənədlər işləndikdə öz təkliflərini irəli sürmək imkanına malikdir”.


İ. Babayev qeyd edib ki, onlar gənclər üçün karyera mərkəzlərinin yaradılması vasitəsilə gənclər arasında müəyyən iqtisadi və peşə biliklərinin əldə edilməsinə çalışırlar: “Eyni zamanda biz kütləvi şəkildə ilboyu aztəminatlı ailələrdən olan gənclər üçün kompüter kursları təşkil edirik, müxtəlif peşə üzrə təlimlər həyata keçiririk. Onu da qeyd etmək lazımdır ki, bu siyasət dövlət tərəfindən tənzimlənir. Bütün dünyada bu problemlər var. Bəzən gənclər hesab edir ki, özəl sektordan təqdim olunan iş və verilən maaş uyğun deyil. Yəni iş çox tələb olunur, maaş az verilir. Sahibkar da hesab edir ki, verilən maaş tələb olunan əməyə uyğundur. Belə məsələlər də var. Eyni zamanda gənclərimiz arasında maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac duyulur ki, onlar təhsil almağa getdikdə ilk növbədə valideynlər də əmək bazarını monitorinq etməlidirlər. Baxmalıdırlar ki, bu gün Azərbaycan cəmiyyətinin iqtisadi inkişafında hansı ixtisaslar daha önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR