Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
# 11 dekabr 2014 09:46 (UTC +04:00)

Bakı - APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, BANM rektoru Elmar Qasımov səfiri salamlayaraq, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib.

Azərbaycanın Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən rektor Azərbaycanla Böyük Britaniya arasındakı təhsil üzrə münasibətlərin inkişafında BANM-nin də rol oynadığını qeyd edib. O, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ali məktəbin əməkdaşlığı çərçivəsində Universitetin müəllimlərinin burada imtahan prosesində yaxından iştirak etdiyini bildirib. İrfan Siddiqin səfir kimi ölkəmizdə ilk görüşünü ali təhsil müəssisələri içərisində məhz BANM-dən başladığını xatırladan E.Qasımov onu yenidən bu ali məktəbin tələbələri ilə görüşə dəvət edib.

Rektor bildirib ki, BANM beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlıq edir. O, BP-nin regional prezidentinin bu günlərdə ali məktəbin tələbələri ilə görüşünü məmnunluqla səfirin diqqətinə çatdıraraq deyib ki, bu ali təhsil ocağı gələcəkdə BP və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq. E.Qasımov BANM-də tədrisin bütünlüklə ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb və Azərbaycan üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrin məhz BANM-ni seçdiklərini bildirib. Rektor BANM-də aparılan tədrisin və görülən işlərin Azərbaycan prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin icrasına yönəldiyini vurğulayıb. O, BANM-nin “British Council” ilə əlaqələrindən söz açıb və bu qurumla ən sıx əməkdaşlıq edən ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan uğurlu əməkdaşlıq haqqında danışan E.Qasımov ali məktəbin tikilməkdə olan, ən müasir tələblərə cavab verən kampusunun Qafqaz regionunda ən böyük kampus olduğunu və növbəti tədris ilində istifadəyə veriləcəyini bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq BANM-də olmaqdan məmnunluğunu bildirib. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə - istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğulayıb. Səfir Böyük Britaniya ilə Azərbaycan əlaqələrinin möhkəm olduğunu bildirib, bu günlərdə BANM-nin ABB şirkəti ilə əməkdaşlıqla bağlı imzalanma mərasimində iştirakını da qeyd edib. İrfan Siddiq ali məktəbin Heriot-Vatt Universiteti ilə əlaqələrini təqdir edərək, BANM-nin Heriot-Vatt Universiteti ilə əməkdaşlığından məmnunluq ifadə edib. O, Böyük Britaniyanın universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərinin də yüksək olduğunu bildirib.

Sonda rektor Elmar Qasımov səfir İrfan Siddiqi “Fəxri qonaq” diplomu ilə təltif edib.

Qeyd edək ki, görüşdə, həmçinin Heriot-Vatt Universitetindən gələn müəllim heyəti də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR