Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otağı açılıb

Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otağı açılıb
# 09 dekabr 2014 08:51 (UTC +04:00)

Bakı – APA. Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otağının açılış mərasimi keçirilib.



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəmizin İslamabaddakı səfirliyinin dəstəyi ilə təmir edilmiş Nizamı Gəncəvi otağında şairin portreti, ingilis və Azərbaycan dillərində kitabları, eyni zamanda Məhəmməd Fizuli, Xəqanı, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir və digər şairlərin portretləri, habelə Azərbaycanın zəngin mədəniyyətini əks etdirən çoxsaylı eksponatlar yer alıb.

Tədbirdə Pakistan Nazirlər Kabinetinin əlaqələndirmə naziri Babar Yaqub Fateh, Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved, Pakistanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, Türkiyə, Özbəkistan, Tacikistan və digər ölkələrin səfirləri iştirak ediblər.

Pakistan Milli Kitab Fondunun icraçı direktoru, professor İ. Caved Nizami Gəncəvinin əsərlərinin urdu dilinə tərcumə edilməsi ilə bağlı qərarın qəbul edildiyini diqqətə çatdırıb.


Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov isə Pakistan hökuməti və Milli Kitab Fonduna Azərbaycanın dahi şairinin adını daşıyan otağın açılışına dair qərar verdiklərinə görə dərin minnətdarlığını bildirib, Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" müəllifi kimi daxil olduğunu qeyd edib. Səfir dahi şairin təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışdığını və yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR