Bank Of Baku
#
# 13:06
15 oktyabr 2024

Atam Qarabağ, anam Laçın

Redaksiyadan tədbirlə bağlı Laçına gedəcəyim bildiriləndə içimdə həyəcan, sevinc, qürur, bir az da təşviş bir-birinə qarışdı. Səbirsizliklə və həyəcanla 3 gün sonranı gözləməyə başladım...

Nəhayət, həmin gün gəldi. Bir azdan Laçına getmək üçün sürücümüz gəlib məni jurnalistləri aparan avtobusa yetişdirəcək, həyəcanlıyam. Sürücümüz gələnədək onu da diqqətinizə çatdırım ki, Laçın mənim ana yurdumdur, anamın doğulduğu yerdir. Damarlarımda axan qanın bir qismi Laçına məxsusdur...

Sürücü artıq gəldi, avtobusa yetişim, ardını yazacam...

Bu mənim Qarabağa, xüsusilə də Laçına ilk səfərimdir, həm də iş yerimdən ilk ezamımdır. Məncə, bunlara görə, həyəcanlanmağa dəyər. 

Azad olunmasında hərbçi atamın da iştirak etdiyi anamın doğma torpaqlarına ayaq basmaq, üzərində rahatlıqla gəzmək və buranın füsunkar təbiətinin qoxusunu qürurla içinə çəkmək çox fərqli, izahedilməz bir hissdir. Müharibə dönəmləri, xalqımızın bu torpaqlar uğrunda mübarizəsi və atam müharibədəykən bizim ailəcə yaşadığımız narahatlıqlar hamısı gözlərimin önünə gəlir, duyğulanıram... Necə günlərdən keçib bu günlərə gəlmişik! İndi doğma torpağa belə rahat gedirəmsə, demək o qədər mübarizə, zəhmət əbəs yerə olmayıb, hədər getməyib.

Atam müharibədə döyüşən vaxtı bütün ailəmiz qorxu içində idi. 44 günlük Vətən müharibəsi həyatımın ən stressli günləri olub. Hər dəfə torpaqlarımızın daha bir parçasının azad edildiyini eşitdikdə isə stressə qürur da, sevinc də qarışırdı. Atam üçün tökülən göz yaşlarım sevinc ağlamaqlarına çevrilirdi. Necə də qəribə, qarışıq hisslərlə dolu günlər idi o günlər...

Haqqında o qədər çox eşitmişdim ki... Buraya bir gün belə rahatlıqla qədəm qoyacağım əvvəllər yuxu kimi gələrdi... Gedib görəndən sonra azad olunmuş torpaqların deyildiyindən də ziyadə gözəl olduğunu anladım...

Uşaqlığımdan bu yana anamdan həmişə Laçın haqqında eşitmişəm, onun Laçın həsrətinə şahid olmuşam. Anamın Laçına olan sevgisi o qədər böyükdür ki, hətta bəzən məni düşündürüb, bu sevginin səbəbini öyrənməyə çalışmışam. 

Anam 10 yaşından doğma yurdundan ayrı düşüb. Baxmayaraq ki, uşaq olub, amma doğma elinə məftunluğu heç vaxt tükənməyib. Nə yalan deyim, bəzən onun bu sevgisi mənə qəribə gəlirdi, doğulduğun yerə bu dərəcədə bağlılıq, həsrət, intizar... Fikirləşirdim ki, nə fərqi var, ölkənin harasında istəsən, yaşaya bilərsən. O isə deyirdi ki, insana doğulub-böyüdüyü torpaq daha doğma gəlir. 

Hələ balaca vaxtımızdan anam bizə tez-tez doğulub-böyüdüyü evlərindən, kəndlərindən danışardı... Deyərdi Laçına getsə, evlərini gözüyumulu tapar. Mən maraqlı gəlirdi ki, necə yadında qalıb? Axı ən son 10 yaşında görüb oraları! Anam isə əminliklə “taparam” deyəndən sonra əlavə edərdi: “Oraları görməmisiniz, ona görə bilmirsiniz, gedib görsəniz qayıtmaq istəməzsiniz". 

Ana, mən artıq səni başa düşürəm, sənin sevginin böyüklüyünü anlayıram...

...uzaqda dağlar görünür. Deyəsən, Laçına çatırıq... Çünki Laçın dağları uca zirvələri ilə seçilir. Hündür, qocaman dağlar... O dağların qoynu ilə uzanan incə yolları qalxdıqca şəhəri ayağının altında hiss edirsən... Yüksəklikdən hər yer görünür, evlər, həyətlər...

6-7 saatlıq uzun və keşməkeşli yoldan sonra nəhayət gedəcəyimiz ünvana çatırıq...

Qocaman dağların ətəyində sıralanmış evlər hüzurverici görünür... Gözəllikdə bir-birilə yarışa girən ağ, gözəl evlər, sakit həyətlər və ətraf dağlar, çaylar, meşələr. Bundan daha hüzurlu nə ola bilər...?

Pəncərədən izlədiyim günbatımı isə həyatımda gördüyüm mənzərələrin ən gözəlidir. Günəşin əksi çayın üzərinə vuraraq mənim kiçik səfərimə nağılvari sehr qatır....

Sanarsan dünyaca məşhur bir sanatoriyada, kurort zonasındasan...

Gördüyüm bu sehrli mənzərələri xarici ölkələrin görməli yerləri ilə müqayisə edirəm. Demə, mənim ömür boyu adını eşidib üzün görmədiyim Laçınım gözəllikdə dünyanın ən gözəl yerləri ilə yarışarmış! 

Demə bu torpaqlar – anamın Laçını dünyanın ən gözəl yeriymiş! Demə anam dünyanın ən gözəl cənnətində doğulub-böyüyübmüş... 

...gözlərim bu əsrarəngiz mənzərənin içində anamın 10 yaşında qoyub gəldiyi o qızcığazı axtarır, tapıb gözaydınlığı vermək üçün...

Təəssüf, tədbirə gəldiyimiz üçün Laçını doya-doya gəzib-dolaşmaq, havasından, suyundan ürəkdolusu ləzzət almaq imkanım yoxdur. Vacib bir tədbir bizi gözləyir. 

Bəlkə də belə lazımmış. Qoy Laçını doya-doya qucaqlamaq istəyi sonraya qalsın, növbəti səfərə, anamla gələnə. Axı 32 illik ayrılıqdan sonra Laçını qucaqlamaq ən çox onun haqqıdır!
 

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR