#
# 17:58
30 dekabr 2021

Gözü yaşlı “Biq Ben”, turist tələsi və soyuq London axşamı

Bir neçə gündür davam edən yağış nəhayət ki sakitləşib, hava bir sakitliyə qərq olub. Metronun "Vestminster" stansiyasından çıxan kimi illərdir təmiri gedən “Biq Ben” qarşılayır məni. Dilə gəlsəydi, bəlkə də bu bir neçə ildə çəkdiyi əziyyətləri danışardı, dərdləşərdik, ancaq  yenə də üzündə bir xoşbəxtlik hiss olunur, Yeni İlə az qalıb; üstündəki o dəmirlərdən, taxta parçalarından tezliklə qurtulacaq.  “Biq Ben” kimi bir çox insan da Yeni İlin gəlməsini, çətin keçən bu ilin arxada qalmasını səbirsizliklə gözləyir. 

"Vestminster" körpüsünə doğru yeriyirəm. Üzü boyalı bir gənc qadın və kişi uşaqlı ailələrə şar satmağa çalışır. Valideynlərdən biri şarın qiymətini soruşur, bir funt sterlinq imiş. Nə yaxşı ucuza satırlar deyə düşünürəm; mərkəzdə hər şeyin qiyməti 2-3 funtdan başlayır, ona görə. Digər tərəfdə isə insanlar gah “Biq Ben”lə, gah Parlament binası ilə, gah da "London Eye" ilə şəkil çəkdirmək üçün izdihamın arasında özlərinə yer etməyə çalışırlar.  Şərqi Avropalı olduğunu zənn etdiyim yerə çöməlmiş orta yaşlı bir adam, əlindəki balaca topu, yerdəki üç balaca stəkandan birinin içinə qoyur, insanlardan topun harada olduğunu tapmaqlarını istəyir. Ətrafda isə 5-6 nəfər onlara tamaşa edir, oyuna maraqla baxan qadınlardan biri əlindəki 20 funtu orta yaşlı adama verir, stəkanı açıb, topu tapır, sevincək olur. 20 funtu 40 funt olub çünki... 

Londonda ilk dəfə gələndə maraqla baxırdım onların oyununa. Ancaq bir 20 dəqiqəlik müşahidədən sonra o qadının da, ətrafdakı 3-4 nəfərlik tamaşaçının da eyni ailədən olduğunun fərqinə vardım. Öz aralarında oynayıb, guya pullarını iki qat etməyin bu qədər asan olduğunu turistlərə təlqin edirdilər;  onların tələsinə düşən, bunun geydirmə oyun olduğunu başa düşməyən yoldan keçən turistlər də pullarını qoyub, uduzurdular. Düzünü deyəcəm, mənim bunun geydirmə olduğunu başa düşməyimin əsl səbəbi, kəskin müşahidə qabiliyyətim yox, bir neçə il əvvəl onlara tamaşa edərkən, birdən birə aralarından birinin polis deyib, yerdə stəkanları ora bura çevirən əsas adamı xəbərdar edib, onun da şələ-şüləsini birdən yığıb işıq sürətilə aradan çıxması oldu. Onların ətrafında oyun oynayırmış kimi rol göstərən iki üç adam isə bir birləri ilə danışmağa başladılar. Bu gün isə, Yeni ilə bir gün qalmış, yenidən eyni tipli tamaşanı görmək təəccübləndirir məni.  Hər “Vestminster" körpüsündən keçəndə gözlərim onları axtarsa da, ortaqlıda yox idilər uzun müddətdir ki...

Körpü boyunca yeriməyə başlayıram. Nə görsəm yaxşıdır? Eyni oyun, yenə eyni tipli, Şərqi Avropalı görünüşlü adam. "Double your money" deyə insanlara səslənir.  Üç dörd addım atıram burada da eyni oyun, amma təzə adamlar.  Körpü boyunca bu oyunun 5 yerdə oynandığını görürəm. Hamısı da bir birinə yaxın, 3-4 addımlıq məsafədə. Təəccüblənirəm, yəqin COVID-19 onları əlacsızlaşdırıb, ona görə hər yerdə bitirlər, deyə ağlıma gəlir. Ancaq sonra görürəm ki, körpünün həmən zolağı maşınlara bağlanıb, yolda təmir gedir. Yəqin ki, bu təmirə görə, polis maşınları burdan keçmir, ona görə də "Vestminster" körpüsünün başı boş qalıb. Ya da elə polisin xəbəri var, sadəcə işlərinə belə gəlir. Bəlkə də bayram ab-havasına görədir, onlar da öz “ruzi”lərinin dalınca düşüblər. Kim bilə bilər ki...

Sonuncu yanından keçdiyim adam oyuna o qədər maraqla tamaşa etdiyimi görüb məni öz dilində səsləyir. Başa düşməsəm də əliylə top hansındadır deyə soruşduğunu başa düşürəm. "No money, which one?" deyib məni şirnikləşdirməyə çağırır, gəl pulsuz oyna deyir. 

Ürəyimdən adama yanındakı 25 yaşlarında olduğunu təxmin etdiyim iki xanımı, orta yaşlı bir adamı göstərib, siz qohumsunuz “kimə atış gəlirsən” demək keçir. Ancaq eyni körpü üzərində ən azı 25-30 nəfərin onlardan olduğunu yadıma salıb, uzaqlaşıram. Nəyimə lazımdır…

Londonun "Southbank" adlanan hissəsinə düşürəm, “London Eye”a tamaşa edə-edə. Bura Londonun ən canlı yerlərindən biridir. İlin hər çağı, hər günü adam tapmaq olar burada. İnsanlar növbədə durublar, Londona buludlu bir gündə yuxarıdan tamaşa etmək üçün səbirsizliklə gözləyirlər. Yolunuz bir gün Londona düşüb, "Southbank"dan keçsə, yol boyunca siz çoxlu restoranlar, yemək, kofe, və içkilərin satıldığı balaca obyektlər görəcəksiniz. Hətta öz skeytinizi, rolikinizi götürüb burdakı xüsusi quraşdırılmış yerdə skeytbordinq edərək vaxt keçirə bilərsiniz. "Southbank"ın özünü incəsənət mərkəzi də adlandırmaq olar: teatrlar, muzeylər, film mərkəzləri, hər il nə qədər incəsətsevəri özünə cəlb edir. 

Temza çayı boyunca yeridikcə əllərində kofe, deyib -gülən insanların yanından keçirəm. Hava artıq qaralıb, Londonun gecə işıqları insanların şən əhval ruhiyyəsinə daha ayrı bir  hava qatır. Londonun ən gözəl vaxtı elə mənə görə axşam vaxtıdır. İnsanların çoxu tətildədir, çətin keçən bir ilin son günlərini hamı yaxşı keçirmək istəyir. Bir qədər irəlilədikdən sonra “Tate Modern” muzeyinin qarşısında əlində gitarası bir nəfər gecənin soyuğunda öz həzin mahnıları ilə insanların ürəyini isidir. 

Yoluma davam edib “Borough” adlanan meyvə - tərəvəzin satıldığı, restoranların olduğu marketin içindən keçirəm. Market bağlanmaq üzrədir, hamı yer-yığış edir. Marketin bağlanan vaxtına çatıram təəssüf ki, ancaq bəlkə gələcək yazılarımda bu marketdən yazaram. Marketdən sonra bir 10-15 dəqiqə də yeriyib Londonun ən məşhur digər atributlarından biri olan "Tower Bridge"ə doğru yeriyirəm. Milad bayramında qurulan, yeməklərin, isti şokoladların, desertlərin satıldığı, Londonun bir çox yerində quraşdırılmış eyni tipli qış marketi hələ növbəti bir neçə gün də açıqdır. 10 funtluq isti bir yemək alıb, "Tower Bridge"in qabağında otururam. Həqiqətən də bu mənzərədə oturub yemək yemək nəyə desən deyər. 

Soyuq hava oturduğum yerdə məni kəsməyə başlayır, isinmək üçün körpüyə tərəf yeriyirəm. Kim deyər, iki saatdı üzərində yeridiyim bu küçələrin olduğu ölkədə son sutkada 180 mindən çox COVID-19-a yoluxma olub... Ancaq hər zamankı kimi Londonda həyat davam edir.

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR