#
# 13:30
26 yanvar 2024

Dünya İdarə Heyətinin ən gənci: AZƏRBAYCAN...

QƏRB, ABŞ, AVROPA, RUSİYA VƏ İRAN NİYƏ AZƏRBAYCANLA SAVAŞ İSTƏYİR?!

 

Azərbaycana qarşı çox böyük siyasi oyun başladılıb. Bu oyuna Azərbaycanda bir dəqiqə süjetə görə 20 dollar alan küçə mediası, xaricdəki söyüş mediası və blogerləri, habelə siyasi mühacir statusu almış əslən azərbaycanlı olanlardan ibarət dəstələr, vaxtilə ölkədə siyasi post tutmuş şəxslər cəlb olunub.

 

Ölkə daxilində bütün kriminal xəbərlər bu üzdən siyasiləşdirilir, yəni manşet edilir, insan haqq və azadlıqlarının məhdudlaşdırılması kimi təqdim olunur.

 

Üstəlik AŞPA-nı tərk etmiş azərbaycanlı nümayəndə heyəti haqda "qovuldular" deyə fikir  yaradılır. Ermənilər, Sorosçular, Avropa və Qərb bu oyuna gizli işğal etdiyi, AŞPA-da oturtduğu bütün ölkələri cəlb edib. Siyahıda Fransa və Almaniyanın liderlik etməsi bunu dəqiq deməyə əsas verir. Prosesin bu həddə çatması düşünməyə əsasdır ki, Avropa və Qərb Cənubi Qafqazda sülhdən yana deyil. Rusiya və İran da sülh tərəfdarı deyil. Başqa sözlə iki ayrı cinah mübahisələrini hərbi yolla, İran, İraq, Suriya, Əfqanıstan, Ukraynadan sonra mütləq şəkildə Azərbaycana daşımaq istəyirlər. Alınacaqmı?! Birmənalı şəkildə yox. Çünki dünya idarəçiliyində mühüm yer tutan ən vacib ölkələr hələ ki, susmaqdan və Azərbaycandan yanadır. Məsələn,  İngiltərə. Heç bir məsələdə danışmır. Bu ölkənin Azərbaycana göndərilən sonuncu səfirinin öz milli geyimlərində və Azərbaycan dilində ölkə Prezidenti qarşısındakı çıxışını xatırlayan hər kəs yaxşı bilir bu diplomatik dildən tərcümədə nə demək idi.

 

Və unutmaq olmaz, Amerika özü belə gizli İngiltərə müstəmləkəsidir. Ancaq indi vurulmuş ölkədir. Amerikanı və Qərbi dəlirdən məhz bu incə məqamdır, idarəçiləri onlardan imtina edir. Amerika özünün Çinlə əvəzlənməsini həzm etmir. Almaniya və Fransa faşizm geninə görə sıradan çıxarıldığını qəbullanmır. Rusiya və İran Cənubi Qafqazda neytrallaşa biləcəyini düşünməkdə  belə çəkinir. Müstəqil və müharibəsiz Azərbaycan heç kimə sərfəli deyil! İndi bir-birinə siyasi düşmən olan vurulmuş dünya güclərinin ortaq hədəfi də məhz bu səbəbdən Azərbaycandır. Onlar Azərbaycanda geosiyasi  nəhənglik üstündə müharibə etmək arzusundadır.

 

Xatırlayıram, Zəngəzura gedən dəmir yolunun salınması məkanından ilk videogörüntü çəkən jurnalist kimi, “Quru yolla üzü Naxçıvana gedirik” söyləyəndə, Naxçıvanın cəmi 40 kilometrliyində idim. Bəziləri ritorik yanaşırdı. İndi bu böyük reallıqdır.

 

...Və indi deyəcəyimə də münasibət bəlkə ondakı kimi ritorik ola bilər. Qınamıram, 70 illik sovet boyunduruğunda yaşamaq, bizdə özgüvəni məhv edib, özümüzə sevgini sıfırın altına qoyub. Amma bu, Azərbaycanın artıq Dünya İdarə Heyətinin ən gənc üzvü olması faktını dəyişə bilməz. İndi Azərbaycan gerçək islamın, müasirliyin  türkçülüyün, multikulturalizmin, siyasətdə vicdan və ədalətin Qafqazdakı siması, lideri kimi gələcək dünyaya mütləq şəkildə lazımdır. Bu isə iki yüz ildir, maddi, mənəvi sərvəti talanan, ərazisi işğal olunan, hər kəsə bağışlanan, 1700-cü illərdən bu yana dörd dəfə bölünən Azərbaycanın, tamamən yox olması prosesini durduran, indiki siyasi rəhbərin iradəsi sayəsində nail olduğu ordu-dövlət-xalq formulu ilə əldə edilən ZƏFƏRİN nəticəsidir.

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR