Hədəfimiz ADNSU-nu dünyəvi tədqiqat universiteti etməkdir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elm və təhsilin inkişafına, dünyanın qabaqçıl ali məktəbləri ilə əməkdaşlığa, yüksək potensiala malik kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilir. Bu gün universitetimiz tələbə kontingenti və islahatlar baxımından respublikanın qabaqcıl ali məktəblərindən biridir. İslahatların ən mühüm nəticəsi ADNSU-da tədris və elmin sıx əlaqədə olması, bir-birini tamamlaması və IV Sənaye İnqilabının tələblərinə uyğun fəaliyyət göstərməsidir.
ADNSU-da elmi tədqiqat işləri 5 elmi klaster-İnformasiya texnologiyaları, Neft-Qaz Mühəndisliyi, Kimya, Geologiya, Materialşünaslıq üzrə aparılır, müasir elmi istiqamətlərə xüsusi diqqət yetirilir, məsələn, 4-cü sənaye inqilabında (Sənaye 4.0) böyük verilənlərin (“Big Data”) emalı kimi məsələlər araşdırılır.
Bundan əlavə, ixtisas fənləri üzrə laboratoriya dərslərinin tədrisinin ölkənin qabaqcıl istehsalat müəssisələrində keçirilməsi təmin edilib. AMEA-nın institutlarında (məsələn, Geologiya və Geofizika, Radiasiya problemləri, Neft-Kimya Prosesləri institutlarında və s.) baza kafedralarının yaradılması bu işin daha səmərəli təşkilinə yeni imkanlar açıb.
Tələbə və müəllimlərin elmi səviyyəsini inkişaf etdirmək məqsədilə 4 pilləli- tələbə-magistr-doktorant-müəllim seminar sistemi fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, son 5 ildə reytinqli bazalarda nəşr olunan məqalələrin və istinadların sayı artıb. Son bir ildə Scopus və Web of Science bazalarında dərc olunmuş elmi məqalələrini sayı 350-dən çoxdur. ADNSU kollektivinin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə differensial əmək haqqı sistemi tətbiq edilir.
Elmi fəaliyyətin qiymətləndirilməsi üçün milli reytinq sisteminin yaradılması ilə bağlı universitet daxili reytinq sistemi qurulmuş və onun təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda ADNSU-nun elmi klasterləri üzrə postdoktor institutunun təsis olunması istiqamətində işlər davam etdirilir.
ADNSU-da bir sıra mərkəzlər fəaliyyət göstərir: HPC, Rəqəmsal İnkişaf və İnnovasiya, DATA analitika, Layihə Menecmenti və s. Bu mərkəzlər müasir innovasiyalara əsaslanaraq elmi-texnoloji məsələlərin yüksək səməliliklə həllinə və rəqabətədavamlı kadr hazırlığının həyata keçirilməsinə xidmət edir.
Son bir ildə universitetdə 12 konfrans keçirilib, onlardan 3-nün materialları Scopus və Web of Science bazasına daxil olan prosidinqdə nəşr olunub. Dissertasiya işlərini müdafiə edənlərin sayında, nüfuzlu bazalarda məqalələrin sayında kəskin artım var. ADNSU-da son illər ərzində elmə xüsusi diqqət yetirilir, doktoranturada təhsilin səviyyəsi elmi inkişaf etdirə biləcək səviyyəli alimllərin hazırlanmasına fokuslanıb. Belə ki, ödənişli əsaslarla təhsil alan doktorantlar üçün beynəlxalq səviyyəli PhD proqramına müvafiq kurrikulumlarla, kredit sistemi ilə tədris aparılır və nəticələr yüksəkdir, bu doktorantlar vaxtında müdafiə edirlər. Ödənişli əsaslarla təhsil alanlar üçün kredit sistemi respublikada ilk dəfə ADNSU-da təşkil edilib, keçən illə müqayisədə doktoranturada qəbul planı 48%, doktorluq dissertasiyaları müdafiə edənlərin sayı 154% artıb.
Ümumbəşəri dəyər olan elm bir ölkənin hüdudları daxilində, beynəlxalq aləmə inteqrasiya olunmadan sürətli inkişaf edə bilməz. Universitetimizin elmi potensialının artması alimlərimizin xarici alimlərlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə əlverişli zəmin yaradıb, artıq xarici elm mərkəzləri ilə birgə layihələrin icrası geniş vüsət alıb.
Aparıcı xarici (ABŞ, Polşa, Norveç, Fransa, Böyük Britaniya və s.) və yerli elm mərkəzlərinin dəvətli professorlarının ADNSU-da elm və tədrisə cəlb edilməsi müntəzəm xarakter daşıyır.
Elm sahəsində Dünyada ilk dəfə ADNSU alimləri tərəfindən süni intellektə, müasir riyaziyyata əsaslanan, qeyri-müəyyən informasiyanı emal etməyə imkan verən Z-lab Software yaradılıb və Matlab paketindən daha geniş imkanlara malikdir.
Təhsilin qloballaşdırılması, Erasmus, HORİZON b. qurumlarla əlaqələrin intensivləşdirilməsi istiqamətində aparılmış işlər nəticəsində Erasmus+ Ka107 mübadilə layihəsi çərçivəsində ADNSU Türkiyənin Orta Doğu Texniki (ÖDTÜ), İstanbul Kültür, İspaniyanın Alkala (University of Alcala), Fransanın Rennes1 və Strasburq (University of Strasbourg) Universitetləri ilə əməkdaşlıq edir, universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus KA2 – Capacity building layihə çərçivəsində ADNSU “MAGnUS”, “UNİLAB” və “WORK4CE” layihələrinin iştirakçısıdır. Həmçinin, İsveç İnstitututnun kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi və maliyyələşdiriyi “CYBEREDU” layihəsinin partnyorudur.
Əməkdaşlarımızın AR Prezidenti yanında Elm Fondu, SOCAR “Elm Fondu”, Ukraina Elm-texnoloji Mərkəzi, Horizon-2020 və s. tərəfindən maliyyələşdirilən qrant müsabiqələrində iştirakını təmin etmək üçün təlimlər keçirilir, və onların arasında artıq bir sıra yerli və beynəlxalq qrant müsabiqələrinin qalibi olanlar vardır.
Ənənəvi olaraq güclü elmi potensiala malik ADNSU-da elmin gənc nəslə ötürülməsi, gənc alimlərin formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Bu işə əsaslı şəkildə yanaşan universitetimiz tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə ixtisasların beynəlxalq akkreditasiyadan keçməsinə xüsusi önəm verir. ADNSU respublikada yeganə ali məktəbdir ki, 18 ixtisas üzrə beynəlxaq akkreditasiyadan keçib.
İlk dəfə universitetimizdə online təhsil sistemi üçün Unibook sistemi (tələbə üçün bütün dərs materiallarının elektron formada əlçatan olduğu) və Web auitoriyalar yaradılıb, veb-distant auditoriyalarda tədris aparılır. Gənc nəslin müasir dövrün çağırışlarına uyğun olaraq yetişdirilməsi zərurətinə söykənən tədrisin nəticəsidir ki, tələbələrimiz 2022-ci il sentyabrın 25-də Dünya Robot Olimpiadasında birinci yeri tutmuş, ölkə Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında ADNSU-nun “MECHANICS”,, “BlizzadrTS” və “MakerTronika” komandaları birincilik qazanıb.
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. “ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatonda UFAZ-ın “Nexus” komandası Fransanın Kann şəhərində keçirilən “ActInSpace” beynəlxalq finalında 1-ci yeri qazanaraq qalib olub.
İstedadlı məzun-magistrantlarımızın ADNSU-da tədris və idarəetmə strukturlarına cəlb olunmasının stimullaşdırılması, karyera inkişafının təmin edilməsi məqsədilə onların doktoranturaya qəbulu və işlə təmin olunması istiqamətində məqsədyönlü işlər aparılır. Qabaqcıl dünya universitetlərinin təcrübəsini nəzərə alaraq, tyutorların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi məqsədilə tyutorlarımıza TKTA tərəfindən təlim kurslarının keçirilməsi təşkil edilmişdir ki, bu da tədrisi düzgün təşkil etməyə imkan verir. Təlim kursunu uğurla tamamlayan 64 tyutor sertifikata layiq görülüb.
Ölkəmizin tarixində ilk dəfə olaraq ADNSU əməkdaşları tərəfindən 16 kitabdan ibarət Texniki-Populyar seriya hazırlanıb. Elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan, nəfis şəkildə tərtib olunan bu seriya ölkədə böyük maraqla qarşılanıb.
Respublikada ilk dəfə 4 dildə nəşrlərin yer aldığı açıq kitabxana tələbə və müəllimlərin istifadəsinə verilib. 24 saat fəaliyyət göstərən kitabxananın bazasını reytinqli bazalara inteqrasiya daha da zənginləşdirib.
Bütün bunlar universitetin elm sahəsində apardığı düzgün siyasətin nəticəsidir. Belə ki, müasir dünyada idarəetmədən başlamış bütün fəaliyyətlər elmə söykənir. Bilik olmadan elmi inkişaf etdirmək mümkün deyil. Elmi tədqiqat işləri ideyadan-tətbiqə prinsipinə əsaslanmalıdır. Elmin əsasını bilik təşkil edir. Bu səbəbdən yüksək biliyə malik kadr hazırlamaq universitetin əsas hədəfidir.
ADNSU fəaliyyəti dövründə çox ilklərə və uğurlara imza atıb. Universitetdəki şəffaf mühit, aparılan islahatlar, elmə söykənən tədris, tələbələrin vətənpərvər ruhda tərbiyə olunması üçün keçirilən tədbirlər və s. öz bəhrəsini verir və ADNSU-nun dünyanın nüfuzlu ali məktəbləri arasında özünün layiqli yer tutmasını daha da yaxınlaşdırır.
ADNSU-nun Elmi işlər üzrə prorektoru
Əməkdar Elm xadimi, professor Lətafət Qardaşova