Bank Of Baku
#
# 14:54
12 dekabr 2023

Heydər Əliyev bioqrafiyasının dövrləri və səciyyəsi

APA tarix elmləri doktoru, professor Kərim Şükürovun  “Heydər Əliyev: bioqrafiyasının dövrləri və qısa səciyyəsi” adlı yazısını təqdim edir.

 

Ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya tarixinin ən nüfuzlu siyasətçilərinin sırasına daxil olmasının qanunauyğunluğuna yalnız onun bioqrafiyası vasitəsilə cavab tapmaq mümkündür. Təbii ki, burada Azərbaycanın tarixindən irəli gələn dövlətçilik ənənələri və onun bilavasitə boya-başa çatdığı Naxçıvan mühiti də nəzərə alınmalıdır.

 

1. Uşaqlıq və yeniyetməlik dövrü... Naxçıvan, 1923-1939

Heydər Əliyev müsahibələrindən birində demişdir: "Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma qısa olaraq deyə bilərəm. Mən 1923-cü ildə Naxçıvanda anadan olmuşam".

 

Heydər Əliyev səkkiz uşaqlı ailənin dördüncü üzvü idi. Naxçıvandakı 1 saylı beynəlmiləl orta məktəbin yeddinci sinfini bitirdikdən sonra, 1936-cı ildə Naxçıvan Pedaqoji məktəbinə (texnikum da adlandırılır) daxil olur. Tələbəlik illəri həyatında ciddi rol oynayır.  Heydər Əliyev bu illər haqqında sonra belə demişdir: "Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb". O, 1939-cu ildə pedaqoji məktəbi əla qiymətlərlə bitirir.

 

2. İlk ali təhsil cəhdi...Bakı, 1939-1940

Heydər Əliyev pedaqoji məktəbi bitirdikdən sonra Bakıya gəlir və burada Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Elə həmin ildə İkinci Dünya müharibəsi başlayır. Heydər Əliyev təhsilini davam etdirməklə bərabər, rəsm əsərləri də çəkir, lakin tezliklə institutu tərk etməli olur. Bu, daha çox maddi vəziyyətlə izah edilir. Bundan sonra, Naxçıvana qayıdır. Bu dövrdə və sonralar,  1990-cı ildə Naxçıvana qayıdış, onun həyatında yeni yüksəliş üçün əsas olur.

 

 

3. Əmək fəaliyyətinin başlanması. Naxçıvan, 1941-1944

Faşist Almaniyası işğalçılıq fəaliyyətini davam etdirərək Şərqi Avropa dövlətlərinin, demək olar ki, hamısını zəbt edir. 1941-ci il iyunun 22-də isə SSRİ üzərinə hücum edir. Beləliklə, SSRİ-nin Almaniya ilə 1941-1945-ci illər müharibəsi başlayır. Bu hadisələr gənc Heydərin də həyatında ciddi dəyişiklik edir. Müharibə ona təhsilini davam etdirməyə imkan vermədiyindən Naxçıvanda əmək fəaliyyətinə başlayır. O, sonralar söyləmişdir: "Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu".

 

1941-1943-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında məxfi şöbənin müdiri, 1943-1944-cü illərdə isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində çalışır.

 

4. Dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti. 1944-1969

Dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətin ilk dövrü. Naxçıvan, 1944-1949

Heydər Əliyev 1944-cü ildə Dövlət təhlükəsizliyi orqanlarına işə göndərilir. Bu onun sonrakı həyatında həlledici rol oynayır və ömrünün 25 ili bu dövlət orqanı ilə bağlı olur. 1945-ci ildə isə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olur. 1991-ci ilin iyulunda Sov. İKP-nin siyasətinə etiraz əlaməti olaraq onun sıralarını tərk edir.

 

Professional təhsil. Leninqrad (indi Sankt-Peterbuqr), 1949-1950

1949-cu ildə Leninqradda Təhlükəsizlik orqanlarının ali məktəbinə daxil olan Heydər Əliyev 1950-ci ilin yayınadək orada təhsil alır. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra ona verilən xidməti xasiyyətnamədə deyilirdi: "Baş leytenant H.Əliyev 1949-cu ilin may ayından 1950-ci ilin iyul ayınadək SSRİ DTN-nin (Dövlət Təhlükəsizlik Nazirliyi, 1946-1953-cü illərdə mövcud olmuş, 1954-cü ildə Dövlət Təhlükəsizlik Komitəsi (DTK) təşkil olunmuşdur. - K.Ş.) Leninqraddakı məktəbində oxumuş və özünü yalnız nümunəvi tərəfdən göstərmişdir. Təhsilə tam ciddi yanaşmışdır. Tədris materiallarının öyrənilməsi üzərində geniş və inadla çalışmışdır. Sinif və seminar məşğələlərinə həvəs və səylə hazırlaşmış, təhsildən kənar vaxtlarında öz ideya-siyasi və ümumtəhsil səviyyəsini artırmaq üzərində əlavə işləmişdir... "

 

Dövlət təhlükəsizlik orqanlarında fəaliyyətin davamı. Bakı, 1950-1969

Heydər Əliyev 1950-1953-cü illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik orqanlarında bölmə rəisi vəzifəsində çalışmışdır. 1951-1957-ci illərdə eyni zamanda Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.

 

1953-cü ildə İ.Stalinin ölümündən sonra N.S.Xruşşov hakimiyyəti ələ keçirməyə nail olur. Stalinin şəxsiyyətə pərəstişi tənqid olunmağa başlayır, demokratikləşmə genişlənir. Bu dövr (1953-1964) tarixə "mülayimləşmə" dövrü kimi daxil olur.

 

1954-cü ildə Heydər Əliyevin şəxsi həyatında əlamətdar hadisə baş verir. Həmin ildə Zərifə xanım Əliyeva ilə ailə qurur. Zərifə xanımın atası Əziz Əliyev (1897-1962) görkəmli partiya və dövlət xadimi idi. Stalin hakimiyyətinin son dövrünün təqibləri Əziz Əliyevdən də yan keçməmiş, dövlət təhlükəsizlik orqanları tərəfindən xüsusi nəzarətə götürülmüşdü. Heydər Əliyev də bu ailə ilə münasibətinə görə, hər cür təqib və təhdidlərlə üzləşmiş, lakin Zərifə xanım ilə ailə həyatı qurmaqdan çəkinməmişdir. Ailədə 12 oktyabr 1955-ci ildə Sevil Əliyeva, 24 dekabr 1961-ci ildə isə İlham Əliyev anadan olur.

 

Heydər Əliyev 1995-ci ilin aprelində Zərifə xanımı belə xatırlayırdı: "... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

 

Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti uğurla davam edir. 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilir.

 

Azərbaycanda Heydər Əliyevədək bu orqana qeyri - azərbaycanlılar rəhbərlik etmişdir. DTK 1937-1938-ci illər repressiyası zamanı Azərbaycan xalqının görkəmli şəxslərinin məhvini həyata keçirmiş, milli-mənəvi dəyərlərə qarşı mübarizə aparmışdı.

 

Heydər Əliyev təhlükəsizlik orqanlarında işlədiyi zaman, xüsusilə bu orqana rəhbərlik etdiyi dövrdə ölkənin milli mənafelərinin müdafiə edilməsi sahəsində xeyli iş görmüşdür. Bir çox xarici dövlətlərin kəşfiyyat fəaliyyəti zərərsizləşdirilmiş, peşəkar əməliyyatlar həyata keçirilmişdir.

 

Heydər Əliyevin siyasəti nəticəsində təhlükəsizlik xidməti orqanlarında azərbaycanlı zabit və sıravi əməkdaşların sayı artırılır, şəxsi heyət arasında milli hiss gücləndirilirdi. Heydər Əliyev sonralar demişdir: "...Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixinə müəyyən qədər nəzər salsaq, bax, belədir: 20-30-cu illərdə, 40-cı illərdə bu orqànlarda çox cinayətlər olubdur. Deyə bilərəm ki, 1953-cü ildən saflaşma prosesi gedibdir və mən də bu prosesin bilavasitə iştirakçısı, son illərdə də təşkilatçısı olmuşam və xoşbəxtəm ki, o vaxtlar bu işləri görə bilmişəm və təxminən 1988-ci ilə qədər Azərbaycanda bu orqanlar, hesab edirəm ki, düzgün mövqedə olublar. Şübhəsiz ki, bu, Sovetlər İttifaqı dövlət təhlükəsizliyi sisteminin bir hissəsi olub, bütün göstərişlər, direktivlər hamısı Moskvadan gəlibdir. Bunlar təbiidir. Ancaq, eyni zamanda həqiqət naminə demək lazımdır ki, bu dövrdə, yenə də qeyd edirəm, 1953-cü ildən sonra bu orqanlarda həm kəşfiyyat, həm əkskəşfiyyat sahəsində, bütün başqa sahələrdə çox gözəl azərbaycanlı kadrlar yetişmişdi, inkişaf etmişdi, bu orqanlar azərbaycanlılaşmışdı".

 

Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında əsrin dörddə biri qədər çalışdı. Bu dövr ərzində əldə edilən professional və siyasi avtoritet Azərbaycanın rəhbəri olmaq üçün kifayət etdi...

(Ardı var)

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR