Bank Of Baku
#
# 18:08
29 dekabr 2023

Heydər Əliyev bioqrafiyasının dövrləri və səciyyəsi - II HİSSƏ

APA tarix elmləri doktoru, professor Kərim Şükürovun “Heydər Əliyev: bioqrafiyasının dövrləri və qısa səciyyəsi” adlı yazısının II hissəsini təqdim edir.

5. Azərbaycana birinci rəhbərlik. 1969-1982-ci illər

 

Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda birinci katib, sovet ənənəsinə görə, əslində dövlətin rəhbəri seçildi. Heydər Əliyev rəhbərliyə başladığı zaman ölkədə sovet hakimiyyəti əllinci ilinə çatmaqda idi. Bu müddətdə Azərbaycan SSR-də 12 şəxs hakimiyyətdə olmuşdu ki, onlardan da dördü qeyri-azərbaycanlı idi. Sovet dövləti həmin dövrdə Azərbaycan rəhbərliyinə münasibətdə imperiya mövqeyindən çıxış etmişdir. Onların çoxu sui-qəsd, repressiya və siyasi motivlərdən qətlə yetirilmiş və ya güllələnmişdir. Yalnız Heydər Əliyevin zamanında Azərbaycan rəhbərliyi yüksək statusa nail ola bilmiş, onun Moskvadakı vəzifəsindən istefasından sonra (1987) bu praktika yenidən bərpa edilmişdi.

Heydər Əliyev sovet sistemi daxilində Azərbaycanın idarəçiliyində yeni dövr açdı. Qısa bir zamanda Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri kimi, əsasən, nadir hallarda üzdə olan bir şəxsdən xalqın gözü önündə olan ictimai-siyasi şəxsə çevrildi və ömrünün sonuna kimi bu missiyanı uğurla davam etdirdi.

Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə digər müttəfıq respublikalar ilə müqayisədə Azərbaycanın sosial-iqtisadi vəziyyəti daha ağır vəziyyətdə idi. O, bu barədə demişdir: “Qətiyyətlə bildirmək оlаr ki, 60-cı illərdə rеspublikа iqtisаdiyyаtı bütövlükdə dərin və uzunmüddətli böhrаn mərhələsinə qədəm qоymuşdu. Yаrаnmış аğır vəziyyətdən çıхış yоlu tаpılmаlı, iqtisаdiyyаtın inkişаfı üçün prinsipiаl cəhətdən yеni kоnsеptuаl yаnаşmа yоllаrı işlənib hаzırlаnmаlı, хаlq təsərrüfаtındа köklü struktur dəyişiklikləri аpаrılmаlı, təsərrüfаtçılıq və iqtisаdi həvəsləndirmə işində təzə mеtоdlаr tətbiq еdilməli idi”. Azərbaycanın düşdüyü böhrandan çıxarılması və inkişafının təmin edilməsi üçün Azərbaycan KP MK-nın avqust və dekabr (1970) plenumlarında tədbirlər müəyyən edildi.

Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi respublika üçün daha ciddi bir təhlükənin qarşısını da aldı. 1948-1953-cü illərdə sovet dövlət rəhbərliyinin yaxından köməyi ilə azərbaycanlıların doğma torpaqları olan Qərbi Azərbaycandan -Ermənistan SSR adlandırılan ərazidən deportasiyasına nail olan ermənilər, 1968-1969-cu illərdə Azərbaycana qarşı ərazi iddialarını da yenidən genişləndirmişdilər. Moskva da onların bu iddialarına dəstək verirdi. Məhz belə bir təzyiq nəticəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistanla sərhəddə yerləşən 2 min hektardan çox torpağın onlara verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul edilmiş əsassız sənədi 1969-cu il 7 may tarixli qərarı ilə təsdiq etdi. Heydər Əliyev bu qərarın həyata keçirilməsinə yol vermədi. Bu plan-Qazax, Gədəbəy və digər rayonların ərazisindən müəyyən torpaqların Ermənistana verilməsi, yalnız 1984-cü ilin oktyabrında, respublikanın o zamankı rəhbəri Kamran Bağırov (1982-1988) tərəfindən reallaşdırılmış, etiraz edən yerli əhaliyə qarşı cəza tədbirləri həyata keçirilmişdi.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilk baxışda adi görünən, mahiyyət etibarilə böyük əhəmiyyəti olan bir hadisədə də özünü göstərdi. O, 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) 50 illik yubileyində, rəsmi tədbirdə Azərbaycan rəhbərləri içərisində ilk dəfə olaraq ana dilində - Azərbaycan dilində çıxış etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Sovetlər zamanı dövrün səciyyəsi partiya qurultayları, plenumları və beşillik planlar ilə müəyyən edilirdi. Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycan KP-nin XXVIII (1971), XXIX (1976), XXX (1981) qurultaylarına rəhbərlik etmiş, Sov. İKP-nin XXIV (1972), XXV (1977) və XXVI (1982) qurultaylarında çıxış etmişdir. O, 1976-cı ilin martında Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir. 1977-ci ilin oktyabrında SSRİ Konstitusiya Komissiyasının üzvü kimi SSRİ Konstitusiyasını qəbul edən SSRİ Ali Sovetinin sessiyasında çıxışında Azərbaycan dövləti və xalqının mövqeyini qətiyyətlə ifadə etmişdir.

Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə VIII beşilliyi (1966-1970) uğurla başa çatdırmağa nail olmuş, IX (1971-1975), X (1976-1980) və XI (1981-1985) beşilliklərin hazırlanması və həyata keçirilməsini (XI beşillik 1982-ci ilin sonlarınadək) təmin etmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycana dair beş qərarı -“Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” (1970, 23 iyul), “Azərbaycan SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında” (1970, 25 iyul), “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975, 9 iyul), “1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində” (1976, 27 iyul) və “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979, 22 fevral) qəbul edilmişdir. Öz dövrünə görə, bu qərarların qəbul edilməsi böyük tarixi hadisə idi.

Hər bir siyasi xadimin böyüklüyü ondadır ki, o, taleyüklü məsələləri vaxtında görür və onu həyata keçirməyin yollarını tapır və həllinə nail olur. Heydər Əliyevin təşəbbüsü ilə 20 iyun 1971-ci ildə Bakıda azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olan C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat məktəbi açılmışdı. Heydər Əliyev sonralar hərbi lisey kimi fəaliyyətini davam etdirən həmin məktəbin 30 illik yubileyində demişdir: ²...bu məktəbi yaşatdıq, böyütdük. Ancaq o illərdə mənim beynimdə dolaşan fikir təkcə o deyildi ki, bizim gənclər nə üçün ordudda zabit vəzifəsində işləmirlər. Bunun o biri tərəfi də var. Demək, mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqillik olacaqdır. Məhz ona görə də, bax, bizim bu günümüzə görə də, müstəqillik dövrümüzə görə də mən bu məktəbi yaratdım, böyütdüm, 30 yaşa çatdırdım².

Heydər Əliyev Azərbaycan gənclərinin SSRİ-nin Moskva, Leninqrad, Kiyev və b. qabaqcıl ali məktəblərində təhsil almasının təşkilinə xüsusi önəm vermişdi. 1969-cu ildə Azərbaycandan kənara təhsil almağa göndərilən, əsasən də qeyri-azərbaycanlılardan ibarət olan tələbələrin sayı cəmi 47 nəfər idisə, 1980-cı illərin əvvəllərində əksəriyyətini azərbaycanlılar təşkil edən tələbələrin sayı 1000-1400 nəfərə çatmışdı. 1972-ci ildən etibarən Azərbaycandan SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə hər il 300-400 nəfər göndərilirdisə, 1980-cı illərin əvvəllərində onların sayı 800-1000 nəfər idi.

Görkəmli azərbaycanlıların, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan elm və mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinə də xüsusi diqqət verilirdi. Məşhur şair və dramaturq, repressiya qurbanı Hüseyn Cavidin cənazəsi 26 oktyabr 1982-ci ildə Sibirdən gətirilərək Naxçıvanda dəfn edilmişdir.

Heydər Əliyevin siyasətində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) münasibət də mühüm yer tuturdu. O, ən əvvəl vilayətin sosial-iqtisadi və mədəni inkişafına çalışırdı. 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut açılmış, 1976-cı ildə Sərsəng su dəryaçası, 1978-ci ildə Ağdam-Xankəndi dəmiryol xətti istifadəyə verilmişdir. Heydər Əliyev 1979 və 1982-ci illərdə vilayətə səfərlər etmiş,  1982-ci il yanvarın 14-də Şuşada məşhur Azərbaycan şairi M.P.Vaqifin əzəmətli məqbərəsini açmış, həmin ilin avqustunda Vaqif poeziya günlərində iştirak etmişdi.

Heydər Əliyev bu dövrdə, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının tərəqqisi ilə birgə, onun SSRİ-nin xarici siyasətinin həyata keçirilməsində rolunun artırılmasına da nail ola bilmişdir. Heydər Əliyevin SSRİ nümayəndə heyətlərinin tərkibində xarici səfərlərdə iştirakı və xarici partiya və dövlət xadimlərinin Azərbaycana səfərləri də bunu təsdiq edir.

Bu dövrün başlıca yekununa gəldikdə, Heydər Əliyev onu belə ifadə etmişdir: “1970–1985-ci illər Аzərbаycаnın quruculuq sаlnаməsinə ən pаrlаq səhifələr kimi dахil оlmuşdur. Bаş vеrən dəyişikliklərin miqyаsınа, iqtisаdi və sоsiаl sаhələrdə аpаrılаn dərin struktur islаhаtlаrın хаrаktеrinə, хаlqın mаddi rifаh hаlının kеyfiyyətcə yеni mərhələyə kеçirilməsinə görə dоqquzuncu, оnuncu və оn birinci bеşilliklər Аzərbаycаnın yеni tаriхində ən mühüm yеrləri tutur. SSRİ hökuməti Аzərbаycаnlа əlаqədаr, rеspublikаdа хаlq təsərrüfаtının hərtərəfli yüksəlişi və intеnsiv inkişаfını nəzərdə tutаn bеş хüsusi qərаr qəbul еtmişdi. Аzərbаycаn хаlqı üçün həqiqətən tаriхi əhəmiyyət dаşıyаn bu mühüm qərаrlаr 70–80-ci illər аrаsındа və dаhа sоnrаkı pеrspеktivdə ölkənin sоsiаl-iqtisаdi inkişаfının əsаs istiqаmətləri üzrə kоmplеks məsələləri müəyyənləşdirmişdi”.

Bununla birgə, bir məsələni də qeyd etmək lazımdır. Heydər Əliyev böyük dövlət xadimi kimi həyatının hər bir dövrünü, o cümlədən bu dövrü  də ideallaşdırmamış, bütləşdirməmiş, ona obyektiv yanaşma nümunəsi göstərmişdir. O, müxbirin həmin dövrdəki səhvlər və yanlışlıqlar haqqında müraciətinə (3 avqust 1990-cı il) belə cavab vermişdir: “Bilirsiniz işdə səhv olar. Əgər o vaxtın materialları ilə tanış olsanız, tam yəqin edərsiniz ki, biz heç bir səhvimizi, günahımızı gizlətməmişik, açıqca demişik, etiraf etmişik… Ancaq indi müəyyən vaxt keçəndən sonra, mən onları daha dəqiq, aydınlığı ilə görürəm. Əsas səhvlər kadrların seçilməsi və irəli çəkilməsində olub. Bu da ona görə yox ki, yararsız olduğunu bildiyim halda onu irəli çəkmişəm. Deməli, kadrların öyrənilməsi işi ilə məşğul olan adamlar mənə düzgün məlumat verməyiblər. Mən adamlara inanmışam, onları irəli çəkmişəm, müəyyən vaxtdan sonra onların iç üzü açılıbdır. Bax, bunları mən özümə səhv hesab edirəm…”

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin onuncu ilində burada nail olduğu uğurlara görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 avqust 1979-cu il tarixli fərmanı ilə Lenin ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Bu fərmanın ən diqqətəlayiq cəhətlərindən biri ondan ibarətdir ki, bu ad o zamankı təcrübəyə uyğun olaraq, şəxsi yubiley üçün deyil, məhz hakimiyyətinin yubileyinə uyğun verilmişdir. Bu SSRİ tarixində çox nadir hadisələrdən idi.

Heydər Əliyevin 1969-1982-ci illərdəki hakimiyyətinin son dövründə Azərbaycan nəinki SSRİ-də, o cümlədən dünyada tanınan bir ölkəyə çevrildi, onun sovet dövlətinin sosial-iqtisadi həyatında rolu artdı. Heydər Əliyev qlobal düşüncələri, iti zəkası, ədalətlilik və humanizm uğrunda apardığı davamlı, sərt və prinsipial mübarizələri ilə tez bir zamanda bütün Sovetlər İttifaqında da böyük nüfuz sahibinə çevrildi.

6. Sovet İttifqaının rəhbərliyində üçüncü-dördüncü şəxs... Mokva, 1982-1987-ci illər

Sov. İKP MK-nın Baş katibi, ölkənin rəhbəri L.İ.Brejnevin 1982-ci ilin noyabrında vəfatından sonra dövlət rəhbərliyində dəyişiklik baş verdi. Heydər Əliyev noyabrın 22-də SSRİ Ali Sovetinin qərarı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Sov.İKP MK plenumunda isə Siyasi Büronun üzvü seçildi.

Dünyanın bir sıra ölkələrində qanunvericiliklə müəyyən edilmiş hakimiyyət ierarxiyası mövcuddudr. Bunun əsasında dövlət rəhbərliyinin ali səviyyəsində vəzifələrin siyahısı müəyyən edilir. SSRİ-də bu sahədə vəziyyət qanunvericiliyə deyil, ümumi mühakimələrə əsaslanırdı. Çox maraqlıdır ki, ilk dəfə Heydər Əliyev öz vəzifəsindən çıxış edərək bu məsələyə də aydınlıq gətirmişdir. O bu barədə demişdir: "1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov Baş katib seçildi. O, məni Moskvaya dəvət etdi. Mənə müraciət etdi ki, Moskvaya gəlim, orada həm Siyasi Büronun üzvü, həm də Baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi. Onlardan ancaq bir nəfəri birinci müavin idi. Siyasi Büronun isə cəmi on üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də Baş nazirin birinci müavini olduğuma görə o vaxt Sovetlər Birliyinin rəhbərliyində üçüncü-dördüncü şəxs idim" (seçmə mənimdir.-K.Ş.). Beləliklə, Heydər Əliyev Sovet dövlət idarəçiliyinin zirvəsinədək yüksəldi, onun rəhbərlərindən biri oldu. Bu faktın mahiyyətini müəyyən etmək üçün qeyd etmək lazımdır ki, SSRİ ərazisinə görə yer kürəsinin altıda bir hissəsini tuturdu. SSRİ dünya sosializm sisteminə daxil olan və onun nüfuz dairəsini təşkil edən dövlətlərin siyasətini müəyyənləşdirirdi. Kreml dünyanın iki siyasi mərkəzindən birinin başında dururdu.

Heydər Əliyev məhz belə bir dövlətin sosial-iqtisadi həyatının ən mühüm sahələrinə rəhbərlik etmiş,  onun xarici  siyasətinin həyata keçirilməsində imzasını qoymuşdu. O, SSRİ Nazirlər Sovetinin 1982-ci il 15 dekabr tarixli qərarı ilə SSRİ Yollar, Dəniz Donanması, Yol - tikinti, Rabitə nazirlikləri, həmçinin müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət edir və SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi üzrə daimi komissiyasına rəhbərliyi həyata keçirirdi. Qısa bir müddətdən sonra, 1983-cü il fevralın 2-də Səhiyyə, Tibb Sənayesi, Mədəniyyət, Maarif, Ali və Orta ixtisas təhsili nazirlikləri, bir sıra dövlət komitələri və orqanları da Heydər Əliyevin rəhbərlik sahəsinə verilmişdi.

Onun həyatının Moskva-Kreml mərhələsi Sovet dövlətinin tarixində ən gərgin məqamlara təsadüf etdi. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, bu dövrdə dövlət başçıları üç dəfə (Y.V.Andropov (1982-1984), K.U.Çernenko (1984-1985), M.S.Qorbaçov (1985-1991) dəyişmişdi. Belə bir mürəkkəb şəraitdə dövlətin idarə olunmasında özünün yüksək mövqeyini qorumaq, üzərinə düşən vəzifəni yerinə yetirmək böyük bacarıq və istedad tələb edirdi.

Andropovun hakimiyyəti zamanı SSRİ-də həyata keçirilən ən əsas tədbirlərdən biri əmək intizamının möhkəmləndirilməsi olmuşdu. Dövlətin nüfuzunun artmasında xüsusi rol oynayan bu siyasətin hazırlanmasında Heydər Əliyev fəal iştirak etmiş və bu ərəfədə "SSRİ-də əmək kollektivləri və onların müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılması haqqında qanun" qəbul olunmuşdu.

Heydər Əliyevin işgüzarlığı sayəsində qısa bir vaxt ərzində nəhəng bir dövlətin dəmiryol nəqliyyatı işində dönüş yaradıldı, Baykal-Amur dəmir yolu xəttinin çəkilişində irəliləyişlər baş verdi, təhsil, mədəniyyət, səhiyyə sahəsində yeniliklər özünü göstərməyə başladı. Bütün bunlar yüksək təşkilatçılığın, dəmir iradənin, hərtərəfli biliyin sayəsində mümkün oldu.

SSRİ rəhbərlərindən biri kimi onun yüksək dövlətçilik məsuliyyəti özünü "Admiral Naximov" teploxodu ilə əlaqədar faciəni təhqiq edən Dövlət Komissiyasının sədri olduğu zaman bir daha göstərdi. 1986-cı il avqustun 30-da Novorossiysk yaxınlığında "Admiral Naximov" sərnişin teploxodu ilə "Pyotr Vasev" yük gəmisi toqquşmuşdu. İlkin məlumatlara görə, "Admiral Naximov"un göyərtəsində 1234 nəfər (888 sərnişin və 346 ekipaj üzvü) var idi. Toqquşmadan cəmi 7-8 dəqiqə sonra gəmi batmışdı. Yalnız 836 nəfəri xilas etmək mümkün olmuşdu, qalan 398 nəfər batmışdı. Dövlət Komissiyasının sədri Heydər Əliyev faciənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması üçün böyük işlər gördü, ən başlıcası, əzizlərini itirmiş yüzlərlə adamın dərdinə şərik çıxıb, onların qəm-qüssəsini yüngülləşdirməyə nail oldu.

Heydər  Əliyev  Sovet  dövlətinin xarici siyasət xəttinin həyata keçirilməsində də fəal iştirak edirdi. Xarici ölkələrə göndərilən sovet nümayəndə heyətinə, onların fəaliyyətinə başçılıq edirdi. O, Sovet İttifaqının rəhbərləri arasında ən intellektual, nüfuzlu və dinamik şəxs kimi ad çıxarmışdı. SSRİ Ali Sovetinin 7 may 1983-cü il tarixli fərmanı ilə Heydər Əliyevə 60 illik yubileyində ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verildi, elə həmin ildə Naxçıvanda onun büstü ucaldıldı.

O zaman Heydər Əliyev faktik olaraq Sovet dövlətinin lideri səviyyəsinə yüksəlmişdi. Təsadüfi deyil ki, K. U. Çernenkodan sonra SSRİ-də hakimiyyətə ən real namizədlərdən biri məhz o olmuşdu. Uzun müddət (1957-1985) SSRİ-nin Xarici İşlər naziri olmuş A.A.Qromıko qeyd etmişdi ki, "bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan,  xüsusən onun kənd təsərrüfatı  çox  sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və ləyaqətli adamdır. Amma, təəssüf ki, onun namizədliyi istisna olunur..." O, "nəyə görə, milliyyətinə görəmi?" - sualına belə cavab vermişdi: "Bu məsələdə - hə, milliyyətinə görə".

Kremldə hakimiyyətə ilk vaxtlardan Heydər Əliyevə rəqib kimi baxan M.S.Qorbaçov gətirildi. Amma belə bir şəraitdə də Heydər Əliyev Sovet dövlətinin rəhbərliyindəki aparıcı mövqeyini saxlamağa nail oldu. Heydər Əliyevin 1986-cı il oktyabrın 16-da SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri təsdiq olunması bunu sübut edir. Sosial İnkişaf Bürosu 12 nazirlik, idarə və komitəyə rəhbərlik edir, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsinin əlaqələndirilməsi xəttini həyata keçirirdi.

Heydər Əliyev Sovet dövlətinin rəhbərlərindən biri kimi SSRİ-nin gələcək inkişafını ciddi yeniliklərdə görürdü. O, müttəfıq respublikaların müstəqilliyi, onların arasında yeni münasibətlərin yaradılması, dünya birliyinə layiqli inteqrasiyasının təmin edilməsinə tam hazır idi. Bu baxımdan onun "Siz Litvanın İttifaqdan çıxmaq hüququnu qəbul edirsinizmi?" sualına verdiyi cavab olduqca maraqlıdır. O demişdir: "... Əgər bizdə Konstitusiya müttəfiq respublikaya ayrılmağa qədər öz müqəddəratını təyin etmək hüququ verirsə, qoy, respublikanın özü də qərara gəlsin. Əgər bizdə, partiyada, sözdə elan olunduğu kimi, demokratiya varsa və Litva KP MK da müstəqil olmaq istəyirsə, qoy, onda o, müstəqil olsun. Soruşulur, niyə biz buna əngəl törətməliyik?"

Heydər Əliyev Kremldə yüksək dövlət vəzifəsi tutduğu illərdə Azərbaycanın tərəqqisi və inkişafına diqqət və qayğısını daha da artırmışdı. O, 1984-cü ildə Bakının Lenin (hazırda Sabunçu) rayonundan SSRİ Ali Sovetinin İttifaq Sovetinə deputat seçilmiş, xalqı bu orqanda yüksək səviyyədə təmsil etmişdir.

Heydər Əliyev Moskvada işlədiyi dövrdə Azərbaycana işgüzar səfərlər etmiş, problemləri yerində öyrənərək, yüksək səviyyədə həllinə nail olmuşdu. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin sərəncamları ilə (1985-ci il) Azərbaycan SSR Səhiyyə Nazirliyi sistemində yeni elmi tədqiqat institutu açılmış, mövcud baza əsasında Pediatriya İnstitutu təşkil edilmişdi.

Zəngilan rayonundan keçərək Mehri rayonunun ərazisindən Naxçıvana gedən yol çəkilməsi də xüsusi qeyd edilməlidir. Heydər Əliyev bu yolun çəkilməsinə necə nail olduğunu belə xatırlayırdı: "Bu yolun tikilməsi üçün və Naxçıvanın birbaşa Azərbaycanın əsas hissəsinə bağlanması üçün 1970-ci illərdə burada biz çox iş görmüşdük, qərar qəbul etmişdik. Hətta Ermənistanın o vaxtkı rəhbərləri də bizim təklifimizlə qərar qəbul etmişdilər. Və ona görə də biz o yolun tikilməsinə başladıq. O yolun Azərbaycan üçün böyük strateji əhəmiyyəti var idi. Ancaq həmin illərdə, - bu, təxminən 1985-ci il, 1986-cı il idi, - mən Moskvada işləyərkən Ermənistan tərəfi bu yolun Azərbaycan üçün nə qədər böyük əhəmiyyəti olduğunu dərk etdi və ayrı-ayrı qüvvələr orada artıq Azərbaycana qarşı təxribatçı planlarını artırmağa və bu yolun tikilməsinə maneçiliklər törətməyə başladılar. Mən indi vaxt olsa, bu barədə öz xatirələrimi geniş yazmalıyam. Çünki bu yolun tikilməsi üçün mən Moskvada ən yüksək səviyyələrdə gərgin mübarizələr aparmışdım. Biz bu yolu Araz boyu, yəni dəmir yolu keçən yerdə, dəmir yolu ilə paralel olaraq çəkmək planı qurmuşduq. Belə bir plan var idi, təsdiq olunmuşdu. Sonra bu yolun qarşısını almaq üçün cürbəcür bəhanələr ortaya atdılar ki, bunu Araz boyu çəkmək olmaz, dəmir yolu ilə yanaşı çəkmək olmaz. Moskvada yaşayan bir çox erməni alimləri, cürbəcür iqtisadçıları və başqa qüvvələri cəlb etdilər və ekspertiza rəyi almağa çalışdılar ki, bu yolu bu cür çəkmək olmaz... Nəhayət, o yolun çəkilməsinə mən nail oldum və yol çəkildi. Burada artıq qeyd edildi ki, cəmisi 10 kilometr qalmışdı. Amma 1987-ci ildən sonra bu yolun çəkilməsi də dayandırıldı, bütün bu proseslər də başlandı. Mən bir daha qeyd etmək istəyirəm, o yolun çəkilməsində biz Mehri rayonunda yaşayan azərbaycanlıları da nəzərə almışdıq. O yol məhz Nüvədi kəndindən, onun yanından, başqa Azərbaycan kəndlərinin yanından keçib getməli idi. Beləliklə, o Azərbaycan kəndlərini də, azərbaycanlıların yaşayış məntəqələrini də biz Azərbaycana tamamilə bağlamaq istəyirdik ".

Heydər Əliyevin həyatının Moskva dövründə ailəyə ağır itki üz verdi. 1985-ci il aprelin 15-də həyatının otuz ildən çox bir dövründə onunla olan ömür-gün yoldaşı Zərifə xanım Əliyeva 62 yaşında vəfat etdi, Moskvada Novo-Deviçye qəbirstanlığında dəfn edildi. 1994-cü ildə isə cənazəsi doğma Vətənə gətirilərək, Fəxri Xiyabanda dəfn olundu.

Heydər Əliyev sovet rəhbərliyində olarkən də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi önəm verirdi. Təsadüfı deyildi ki, ermənilərin Azərbaycanın milli mənafeyi və ərazi bütövlüyünə qarşı hər hansı bir qəsdinin qarşısı onun tərəfindən cəsarətlə alınırdı. Bu, ermənilərin ona qarşı düşmənçiliyinin kəskin artmasına səbəb olmuşdur. Ermənilər Muradyan adlı bir nəfərin vasitəsilə sovet rəhbərliyinə sistemli şəkildə donoslar yazır, digər tərəfdən onu fiziki cəhətdən məhv etməklə hədələyərək, terror tətbiq edirdi. Heydər Əliyev bu barədə müsahibələrindən birində (1990, iyun) demişdir: "...Mən 1987-ci ilin may ayında xəstələndim, sağalandan sonra 1-2 ay işləmədim. O dövrdə Ermənistandan bir məktub aldım. Müəllifi Qarabağ cəmiyyətinin rəhbərlərindən biri olan İqor Muradyandır. Təəssüf ki, məktub yanımda deyil... Məktub müəllifi bildirir ki, onlar mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram. Məktubunda erməni terroristləri tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı göndərilib. O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib".

Müxbirin "Sizin arxanızca respublikamızdan da anonim məktublar gəlib?",- sualına cavab isə milli liderin örnək ola biləcək bir münasibətidir. Həmin cavabın bir hissəsinə diqqət yetirək: "Bəli, təxminən 1986-1987-ci illərdə mənim haqqımda böhtan dolu anonim məktublar respublikamızdan və Ermənistandan gəlmişdir. Və mənə sonralar aydın oldu ki, İ.Muradyan və Z.Balayan kimiləri mənim əleyhimə uzun müddət işləyiblər..." Göründüyü kimi o, respublikadan olan anonim məktublar üzərindən keçərək, hədəfi ermənilərə yönəltmişdir.

Heydər Əliyevə qarşı əsas qüvvə isə sovet rəhbərliyində yetişməkdə idi. O, 11 may 1987-ci ildə iş otağında infarkt keçirdi və müəyyən müddət müalicə olundu. Onun müalicəsi dövründə Qorbaçov və komandasının Heydər Əliyevə açıq-aşkar etinasız münasibəti infarkt faktının təsadüfi olmayıb, sui-qəsd planı olması ehtimalına əsas verir. Yəqin belə güman edilirdi ki, Heydər Əliyev bu xəstəlikdən sonra, özünə gələ bilməz. Lakin bir şey nəzərə alınmamışdı: bu, Naxçıvandan SSRİ-nin rəhbərliyinə qədər uzanan 64 illik həyat yolunda dəfələrlə sınaqlardan keçən, hər dəfə məqsədinə nail olan və qarşısında hələ yeni-yeni vəzifələr duran Heydər Əliyev idi! O, bu sınaqdan da çıxdı. Qorbaçov və komandası isə yeni bir üsula əl atdı. Heydər Əliyevin xəstələnməsindən heç bir ay keşməmiş Sov. İKP MK-nın Oktyabr inqilabının 70 illiyi ilə əlaqədar məsələnin müzakirə olunduğu plenumda təşkilat məsələsinə də baxıldı...

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR