Hulusi Kılıç: Azərbaycan Avrasiyanın vazkeçilməz ölkəsidir
Bu gün qardaş Qırğızıstanın paytaxtı Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak edən liderlərə ev sahibliyi edir. Bişkek liderləri bir araya gətirən diplomatik platformaya çevrilib.
Zirvə toplantısından əvvəl keçirilən ikitərəfli görüşlər arasında ən çox diqqət çəkən görüş Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub.
Görüşdə müzakirə edilən məsələlər və gələcəyə yönəlik qərarlar beynəlxalq arenada böyük diqqət çəkib.
1996-cı ildə 5 ölkə tərəfindən yaradılan təşkilatın bu gün etibarilə üzvlərinin sayı 10-a yüksəlib, dialoq tərəfdaşı olan ölkələrin sayı isə 15-ə çatıb. 2 ölkə müşahidəçi statusundadır. Başqa sözlə desək, ŞƏT çətiri altında 17 ölkə yer alır. Bu ölkələrin əhalisi Avrasiya əhalisinin 42 faizini əhatə edir.
Yaranmasının 25-ci ildönümünü qeyd edən ŞƏT bölgənin ən mühüm siyasi və iqtisadi təşkilatlarından biridir. Təhlükəsizlik, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, sərhəd təhlükəsizliyi kimi məsələlər təşkilatın yaradılma məqsədləri sırasında yer alır. Bundan əlavə, iqtisadiyyat, enerji, nəqliyyat və dəhlizlər də təşkilatın daimi əsas gündəm mövzularındandır.
Həmçinin ŞƏT təşkilat çətiri altında yer alan ölkələrə Qərbdən kənardakı güc mərkəzləri ilə əlaqələr qurmaq imkanı yaradır.
Bişkek Zirvə toplantısında Türkiyə və Azərbaycanın iştirakı böyük əhəmiyyət daşıyır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın ŞƏT toplantısında çıxış etməsi Türkiyə baxımından strateji diplomatiya kimi qiymətləndirilə bilər. Bu, Türkiyənin çoxtərəfli xarici siyasətini gündən-günə gücləndirir. Türkiyə bir tərəfdən NATO, Avropa Şurası kimi Qərb təşkilatlarında yer alarkən, digər tərəfdən Çin, Rusiya Federasiyası, Mərkəzi Asiya ölkələri, Qafqaz və Asiya ölkələri ilə dərin əlaqələri inkişaf etdirir.
ŞƏT Zirvə toplantısı Azərbaycan baxımından da böyük əhəmiyyət daşıyır. Zirvədə Prezident cənab İlham Əliyevin iştirakı böyük əhəmiyyət kəsb edir. Cənab Prezident regionun lideri kimi görülür. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dərinləşməsi və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə eyni masa arxasında olması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Xəzərdən keçən Orta Dəhliz – Zəngəzur dəhlizi bağlantıları mühüm məsələdir.
Azərbaycanın regional çəkisinin artması və Azərbaycanın çoxtərəfli xarici siyasətinin gündən-günə inkişaf etdiyinin görünməsi baxımından Azərbaycanın Zirvə toplantısında iştirakı böyük əhəmiyyət daşıyır.
İki qardaş ölkənin – Türkiyə və Azərbaycanın eyni Zirvə toplantısında iştirak etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu, iki ölkənin Avrasiya siyasətlərinin üst-üstə düşdüyünü və bir-birini tamamladığını göstərir.
Həmçinin iki qardaş ölkə Asiyanı Avropaya, Avropanı isə Asiyaya bağlayan iki mühüm ölkədir.
Bundan əlavə, Azərbaycan Asiyanın Avropaya açılan qapısıdır və Avrasiyanın vazkeçilməz, ən mühüm ölkəsidir.
Türkiyə və Azərbaycan həm Qərblə, həm də Şərqlə münasibətlərin yürüdülməsini xarici siyasətlərinin əsas istiqamətlərindən biri kimi görürlər.
Nəticə olaraq, ŞƏT çətiri altında yer alan digər ölkələrə baxıldıqda, ŞƏT-in yalnız Çin-Rusiya mərkəzli təhlükəsizlik təşkilatı olmadığı görünür.
Digər mühüm məqam isə regionda Qərb mərkəzli olmayan, çoxmərkəzli yeni beynəlxalq nizamın formalaşdığının görünməsidir. Çinin iqtisadi qətiyyəti, Rusiyanın təhlükəsizlik və enerji potensialı, Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın geostrateji mövqeyi, eləcə də Hindistan və İran kimi ölkələrin mövcudluğu ŞƏT-i mühüm Avrasiya platformasına çevirir.
Dəyərləndirmə olaraq, Bişkek Zirvə toplantısında ŞƏT-in təhlükəsizlik təşkilatı kimliyindən daha geniş Avrasiya əməkdaşlığı platformasına çevrilməsi diqqət çəkir.
Türkiyə və Azərbaycan baxımından əsas fürsət Qərblə münasibətlərini zəiflətmədən Çin, Rusiya və Mərkəzi Asiya ilə əlaqələrini inkişaf etdirməkdir. Buna görə də Türkiyə və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı mövcudluğu Şərqə yönəlmə kimi deyil, Avrasiyadakı bütün güc mərkəzləri ilə eyni vaxtda əlaqələr qurmaq bacarığı kimi qiymətləndirilməlidir.
Bundan əlavə, ŞƏT-in Bişkek Zirvə toplantısında iştirak edən 5 türk dövlətinin Türk Dövlətləri Təşkilatının üzvləri olmasının da ayrıca əhəmiyyəti və mənası var.
Nə mutlu Türkəm deyənə!
Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri
İMZA İB-nin Türkiyə təmsilçisi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının üzvü