#
# 17:19
13 aprel 2023

Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu

Mediator Şamil Paşayevin mediasiya ilə bağlı məqaləsini təqdim edirik.

Mediasiya mübahisələrin, anlaşılmazlıqların alternativ həll yollarını axtarıb tapan prosesdir. Mediasiya institut kimi çox gəncdir. Azərbaycanda mediasiyanın tətbiq edilməsi 2019-cu ildən başlayıb. Qısa izah etsək, mediasiya mübahisələrin alternativ həlli yolu, yəni anlaşılmazlıqların məhkəməyə qədər həll edilməsini nəzərdə tutan prosesdir. Yəni, məhkəmələr mübahisələrin klassik həlli yoludursa, mediasiya alternativ, məhkəməyə qədərki həll yoludur.

Hüquq zərurətdən doğur, insan anlaşılmazlığını daha rahat və  asan həll etmək üçün də hüququn əlçatanlığını arzulayır.

Mediasiya necə yaranıb?

Mediasiya - mübahisələrin alternativ həlli anqlo-sakson hüquq sistemindən istifadə edən ölkələrdə tətbiq edilib. Harvard Universiteti hüquq fakültəsinin dekanı Frank Sander 1976-cı ildə “Ədalətin gələcəyinə dair perespektivlər" məqaləsində mübahisələrin məhkəmədən kənar həllinin mümkünlüyü barədə yazırdı. O, məqaləsində mübahisələrin məhkəmədən kənar həlli üçün vasitəçilərdən istifadə edilməsindən söz açmışdı.

ABŞ-da bu istiqamətdə ilk addımlar 60-cı illərdə atılsa da, 80-ci illərdən başlayaraq mediasiya proseslərinə daha çox diqqət yetirilməsinə başlanıldı.

İngiltərədə mediasiya institutu 40 ilə yaxındır, fəaliyyət göstərir və inkişaf edir. Avropa ölkələri 2000-ci illərdən, Türkiyə isə 2012-ci ildən  mübahisələrin alternativ həll yolundan istifadə edir. İlkin olaraq, akademik çevrələrdə müzakirə edilən mediasiyanın daha sonra tətbiqinə başlanıldı.

Mediasiya klassik məhkəmə ilə müqayisədə çox gəncdir, lakin qısa zaman kəsiyində bir sıra ölkənin hüquq sistemində özünü sübut edib. Mübahisənin həlli, hər iki tərəfin ortaq marağının təmin edilməsi və tərəflərin özlərinin könüllü qərara verməsi mediasiyanı insanlar üçün cəlbedici edir.

Azərbaycanda mediasiya

Azərbaycanda mediasiya prosesinin aktiv və praktiki tətbiqinə 1 iyul 2021-ci il tarixdən başlanılıb. Qanun tələbinə görə, kommersiya mübahisələri, habelə əmək və ailə münasibətlərində məhkəmədən qabaq mediasiyada iştirak məcburidir.  

İtaliya, Avstraliya, Türkiyə və daha bir çox ölkədə də məhkəmədən qabaq məcburi mediasiya nəzərdə tutulur.

Lakin burda çox lazımlı bir məqam var. Söhbət mediasiya prosesində iştirakın məcburi olmasından gedir. Proses daxilində tərəflər özü könüllü olaraq, öz iradələri ilə mübahisəni müzakirə edib, mübahisəni həll edir. Mediasiya şəxslərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Bu qərara mediasiya prosesini aparan şəxs, yəni mediator heç bir müdaxilə etmir.

Ölkəmizdə də mediasiya anlayışı tamamilə ictimai rəydə özünə yer tutana, cəmiyyət mübahisələrin alternativ həll yollarını tamamilə mənimsəyənədək icbari mediasiya anlayışının qalması labüddür.

Mediasiya prosesi necə həyata keçirilir?  

Qanunvericiliyimizə görə, mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli bağlı prosesidir.

Yəni, mediasiya - müstəqil, tərəfsiz, qərəzsiz üçüncü şəxsin (mediatorun), aralarında anlaşılmazlıq olan tərəfləri bir araya gətirib, onların özlərinin könüllü ortaq məxrəcə gəlmələri üçün konfidensial ünsiyyət qurmasına yardımçı olan prosesdir. Proses mübahisənin xüsusiyyətlərinə görə ortaq həll yolları təklif edir.

Mediasiya könüllülük prinsipinə uyğun həyata keçirilir, yəni qərarı mediator deyil, birbaşa tərəflər özləri verir.

Niyə məhkəmədən öncə mediasiya?

Mediasiyanın mübahisələrin həll olunduğu məhkəmə, arbitraj və s. müstəvilərdən fərqi mühümdür.

Belə ki, istənilən məhkəmə mübahisəsi illərlə uzana bilir. Bu isə tərəflər üçün zaman itkisi ilə yanaşı, həm də maddi baxımdan əlavə xərclərə səbəb olur.

İkincisi, məhkəmənin qərarı qətidir, eyni zamanda qəbul edilən qərara subyektiv yanaşmanın necə olmağından asılı olmayaraq tərəflər onu icra edir. Mediasiya prosesi isə könüllüdür və tərəflərin hər ikisinin marağını təmin edən həll yolunu mediatorun vasitəçiliyi ilə onlar özləri tapırlar. Yekun qərar mediatorun deyil, hər iki tərəfin ortaq fikrini ifadə edir. Üstəlik, bu proses çox qısa zaman kəsiyində baş verir. Bu isə tərəfləri əlavə psixoloji gərginlikdən, məhkəmələr zamanı kommunikasiyanı tamamilə sıfıra endirən, bəzən ciddi fəsadlarla nəticələnən tarıma çəkilmiş münasibətlərdən sığortalayır.

Çünki 3-5 illik məhkəmə çəkişməsi nəzərdə tutan proses 1-2 gün, bəzən isə bir seansda həll olunur. Məhkəmə qərarı ilə tərəflər, iddiası təmin edilən və ya təmin edilməyən, kobud desək, udan və uduzana bölünür. Mediasiyada isə uduzan olmur, çünki qərar mediatorun yox, tərəflərin könüllü, müstəqil iradəsi əsasında, hər ikisinin maraqları nəzərə alınaraq özləri tərəfindən verilir. 

Üçüncüsü, mediasiyada həll yollarını tapmayan tərəflərin yenidən məhkəməyə müraciət etmək hüququ var. Əgər tərəflər arasında barışıq əldə edilməzsə, mediasiyada olan çıxışlar, fikirlər, etiraflar heç bir halda məhkəmədə sübut növü kimi qiymətləndirilmir, mediator işin xüsusiyyətləri ilə bağlı dindirilmir və işin halları ilə bağlı mediasiya otağında olan müzakirələr orada da qalır. Mediator tərəfin arzulamadığı fikri qarşı tərəfə çatdırmır. Tərəfin mediatora dediyi fikirdən onun əleyhinə istifadə edilə bilməz.

Mediasiyanın məhkəmə sisteminə müsbət təsiri

Mübahisələrin alternativ həll yolları dünyada artan xətt üzrə inkişaf edir. Mübahisələrin məhkəmədən kənar həlli məhkəmədə də iş yükünü azaldır. Bu isə məhkəmədə baxılması zəruri olan işlərə daha peşəkar yanaşmağa və daha yaxşı araşdırmağa şərait yaradır. Mediasiya heç bir halda məhkəmədə ədalət mühakiməsi ilə rəqabətdə deyil, mediasiyanın inkişafı məhkəmənin və ya arbitrajın olmamasını arzulamır.

Mediasiya xalqımızın ənənəsinə yad olmayan institutdur

Hüquq sistemində qəbul edilən yeni davranış və qaydalar xalqların uzun illərdən gələn ənənələrinə, yaşam biçiminə eyni zamanda yanaşmalarına zidd olmamalıdır. Tamamilə Qərb təfəkkürü və həyat tərzinə malik hər hansı uyğulamanın ölkəmizdə tətbiqi uğur qazana bilməz. Mediasiya praktik və nəzəri olaraq Qərb düşüncə daşıyıcılarının məhsulu olsa belə, oxşar, bənzər həll yolları bizim ənənəmizə xas olub.

Tarixən, elə indi də daha çox el arasında mübahisələrin həlli üçün kəndin, el-obanın ağıllı, aqil, təmkinli adamlarına müraciət etmək praktikası var. Bu barədə şifahi xalq ədəbiyyatında da, yazılı ədəbiyyatımızda da xeyli örnək mövcuddur.

El-obada mübahisələrin həlli, dalaşanları barışdırmaq üçün tərəfsizliyinə, vicdanına və ədalətinə çoxluğun əmin olduğu şəxslərə müraciət olunur. İndi də ierarxik qaydaların hökm sürdüyü ailə və nəsillərdə ailə, əmlak mübahisələri çox halda bu cür həll olunur.

Təbii ki, bunlar günümüzdəki mediatorla eyni funksiyanı yerinə yetirmir, klassik mənada mediator anlayışına aid  deyil. Lakin barışdırıcılıq, mübahisələrin alternativ həlli üçün müstəqil üçüncü şəxsə müraciət etmək ənənəsi bizim topluma yad deyil.

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR