#
# 13:43
6 dekabr 2023

Qlobal şəkildə artan depressiya iqtisadiyyatı və sosial həyati iflic edir

Bütün cəmiyyətlərdə qlobal şəkildə depressiyanın miqyası artır və bu əsas problemə çevrilir. Bu gün dünyada ürək-damar xəstəliklərindən sonra  depressiya ikinci yerdə dayanır. Statistikaya əsasən, depressiya yaxın gələcəkdə birinci yerdə ola bilər. Buna görə depressiyanın əsas əlamətlərini bilmək və onlara düzgün cavab vermək çox vacibdir.

Çox az adam tapmaq olar ki, depressiyadan əziyyət çəkməsin. Psixi pozuntu sayılan depressiya ilə hər beş nəfərdən biri üzləşə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, son illərdə depressiyadan əziyyət çəkənlərin sayı əvvəlki illərlə müqayisədə kəskin artıb. ÜST-nin statistikası göstərir ki, dünyada 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu o deməkdir ki, depressiyalı insanların sayı 2005-ci ildən bəri 18%-dən çox artıb. Depressiya dünyada ikinci ən çox yayılan əqli xəstəliyə çevrilib.

Bu gün depressiya gündəlik həyatımızda demək olar ki, hər bir insanın istəmədən “sadiq” yoldaşına çevrilib . Stress, sosial-iqtisadi böhran, xəstəlik, yuxu pozuntusu və yaxınlarımızın itkisi kimi amillərin təsiri depressiya hallarının artmasına səbəb olur. Psixoloji yardımın mövcudluğuna baxmayaraq bir çox insan lazımi müalicə və dəstək almır, nəticədə böyük fəsadlar yaşayır.

DEPRESSİYANIN QLOBAL MİQYASDA YAYILMASININ TƏSİRLƏRİ

Depressiyanın qlobal miqyasda artması iqtisadiyyata, davranışa (perfomansa), həyat keyfiyyətinə və sosial rifaha mənfi təsir göstərir. İntihar, alkoqolizm, narkomaniya və digər sağlamlıq problemlərinə səbəb olur. Özü də bu, əksər yaş qruplarına aid edilir.

Depressiyadan əziyyət çəkənlər üçün psixoloji dəstək və müalicə səylərini artırmaq, ciddi təhsil və keyfiyyətli psixoloji yardımın mövcudluğunu təşviq etmək lazımdır.

Bunun üçün daha çox araşdırma aparmaq, təsirli profilaktika və müalicə strategiyaları hazırlamaq, eləcə də depressiyadan əziyyət çəkən insanlar üçün təhlükəsiz və dəstəkləyici mühitlər yaratmaq vacibdir. Son zamanlar depressiyanın ürək-damar xəstəlikləri, diabet və hətta xərçəng kimi fiziki xəstəliklərlə əlaqəsi ilə bağlı araşdırmalar aparılır. Tədqiqatçılar bu əlaqənin mexanizmlərini anlamağa və inteqrasiya olunmuş müalicə yanaşmalarını inkişaf etdirməyə çalışırlar. Bunlar son illərdə depressiya ilə mübarizə və öyrənməyə yönəlmiş işlərin yalnız bir neçə nümunəsidir. Elmi əsərlərdə depressiyanın öyrənilməsi psixiatrik və psixoloji tədqiqatların vacib bir sahəsi hesab olunur.

AZƏRBAYCANDA DƏQİQ STATİSTİKA YOXDUR

Azərbaycana gəlincə, təəssüflər olsun ki bununla bağlı dəqiq statistika aparılmır. Depressiya səviyyəsinə dünya çərçivəsində ümumi məlumatlar və statistika kontekstində baxmaq lazımdır. Depressiya səviyyəsi sosial, iqtisadi və mədəni təsirlər də daxil olmaqla müxtəlif amillərdən asılı olaraq dəyişə bilər.

İqtisadi inkişafın aşağı səviyyəsi, sosial qeyri-sabitlik, yüksək miqrasiya və zorakılıq kimi amilləri nəzərə alaraq, depressiyanın Azərbaycanda geniş yayıldığını güman etmək olar.

Depressiyanın göstəricisi əhali arasında intiharın artması ilə sübut olunur və təəssüf ki Azərbaycanda yeniyetmələr tez-tez depressiyanın qurbanı olurlar. Şagirdlər bəzən məktəblərdə həddindən artıq dərs yüklənməsi nəticəsində  ağır zehni yüklərin öhdəsindən gələ bilmirlər. Məsələn, yüksək əməkhaqqı almayan valideynlər də uşaqlarını repetitorların yanına qoyur və ali məktəbə qəbul olunmaları üçün yüksək nəticə tələb edirlər. Bu nəticəni əldə edə bilməyən uşaqlar valideynlərinin əsassız gözləntilərinə görə özlərini günahkar hiss edirlər, nəticədə intiharlar baş verir.

Müharibə də əhalinin psixikasına təsir edən mühüm amildir. Buna görə müharibə dövrü və ondan sonrakı dövrlər müharibə iştirakçılarına, hətta onların yaxınlarına xüsusi diqqət və həssaslıq olmalı, psixoloqlar onlarla işləməlidirlər.

Digər bir fakt kimi insanların COVİD-19 pandemiyası zamanı sosial təcridini göstərə bilərik ki, karantin zamanı depressiya səviyyəsinin dəfələrlə artmasının şahid olduq.

Beləliklə, Azərbaycanda depressiyaya səbəb ola biləcək problemlərə aşağıdakılar daxil ola bilər:

- İqtisadi problemlər: aşağı məşğulluq və ya qeyri-sabit gəlir:

- Sosial problemlər: şiddət, ayrı-seçkilik, sosial təcrid və ya ailə münasibətləri problemləri:

- Psixoloji amillər: stress, narahatlıq və yüksək intihar niyyəti.

Depressiyanın qarşısının alınması üçün sosial kompaniyalar, maarifləndirmə çox mühümdür. Psixoloji və psixiatrik xidmətlər şəbəkəsi genişləndirilməli, bu sahədə mütəxəssislər hazırlanmalıdır.

Depressiyadan əziyyət çəkənlərə və ailələrinə dəstək, xeyriyyə proqramlarının inkişafı, qruplar və ya onlayn mənbələr vasitəsilə icma dəstəyinin təşkili də çox əhəmiyyətlidir.

Ancaq qeyd etmək vacibdir ki, depressiyanın qarşısının alınması və müalicəsi fərdi prosesdir və hər bir insanın fərdi yanaşma və müalicə seçiminə ehtiyacı ola bilər. Ən yaxşısı peşəkar həkimlərdən və zehni sağlamlıq mütəxəssislərindən kömək istəməkdir.

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR