“Xəzər-Lənkəran” klubu ilə braziliyalı Mario Souza arasında problem yaranıb

“Xəzər-Lənkəran” klubu ilə braziliyalı Mario Souza arasında problem yaranıb
# 30 iyun 2008 15:10 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, buna 31 yaşlı hücumçunun qeyri-peşəkar hərəkətlərə yol verməsi səbəb olub. Belə ki, bu ilin əvvəlində imzaladığı müqavilənin maddi tərəflərinə yenidən baxılmasını israr edən M.Souza əks təqdirdə klubu tezliklə tərk edəcəyini bildirib. Yaranmış vəziyyətlə bağlı “Xəzər-Lənkəran”ın rəsmi İnternet saytına açıqlama verən vitse-prezident Tuyqun Nadirov braziliyalı futbolçunu günahlandırıb: “Souza özünü əvəzedilməz oyunçu sayırdı. O, astronomik məbləğdə pul istəyirdi. Hətta deyərdim ki, Souza 1 illik müqavilə qarşılığında 1 milyon dollara yaxın pul tələb edirdi. Bundan başqa, biz onun Özbəkistanın “Paxtakor” klubu ilə danışıqlar apardığını öyrəndik. Özbəkistanlılar hələ “Birlik Kuboku”nda Souzanın oyununu bəyənmişdilər. Bu məsələ ilə bağlı “Paxtakor”a rəsmi məktub yazdıq. Qarşı tərəf Marionun onlarla danışıqlar apardığını təsdiqlədi”. T.Nadirov vurğulayıb ki, M.Souza menecerlik etmək fikrinə də düşüb: “Hətta bizdə olan məlumata görə, Souza “Xəzər-Lənkəran”da çıxış edən digər braziliyalıları da özü ilə aparmaq niyyətinə düşüb. Onunla son görüşümüzdə daha cəlbedici təklifin olduğunu və getmək istədiyini dedi. Biz də düşünmək üçün Souzaya daha bir neçə gün vaxt verdik, lakin ondan xəbər çıxmadı. Bununla belə, komandamızdan getmək istəyəni saxlayan deyilik. Klubla Souzanın müqaviləsi başa çatmayıb. Sözsüz ki, “Paxtakor” və ya digər klub onu transfer etmək istəsə, bunun üçün bizim də razılığımız olmalıdır”.
Qeyd edək ki, 2008-ci ilin yanvarında Braziliyanın “Portugeza” klubundan transfer olunan M.Souza “Xəzər-Lənkəran”ın aparıcı üzvlərindən biridir. Lənkəran təmsilçisinin yanvarda “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nu qazanmasında onun böyük əməyi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR