Bakıda Azərbaycan-Almaniya biznes əməkdaşlığı mövzusunda konfrans keçirilib

Bakıda Azərbaycan-Almaniya biznes əməkdaşlığı mövzusunda konfrans keçirilib
# 01 noyabr 2013 13:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda «Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı» mövzusunda konfrans keçirilib.


«APA-Economics»in məlumatına görə, «Azərbaycanda biznesin idarə olunması sahəsində karların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı» çərçivəsində keçirilən tədbirdə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin əməkdaşları, Azərbaycan Sahibkarlar Konfederasiyası və Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GIZ) nümayəndələri iştirak ediblər.


Konfransı giriş sözü ilə açan nazirliyin aparat rəhbəri Samir Vəliyev bildirib ki, Azərbaycanla Almaniya arasında son illər ərzində müxtəlif iqtisadi sahələrdə əməkdaşlığı xeyli genişlənib. Onun sözlərinə görə, Azərbaycan Sənaye Nazirliyi ilə Almaniyanın GIZ təşkilatı arasında ikitərəfli əməkdaşlıq əsasında Azərbaycan menecerləri və sahibkarlarının Almaniyada təcrübə keçməsinə imkan yaradılıb. Bu sahədə 2009-cu ildə anlaşma memorandumu imzalanıb və bu il həmin memorandum daha 3 il müddətinə uzadılıb.

S. Vəliyev qeyd edib ki, bu proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçib. Onlar orada beynəlxalq təcrübəyə yiyələnir, iş adamları arasında əlaqələr yaradırlar.


Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov bildirib ki, Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.


Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin əməkdaşı Ule Leypold, Almaniyanın Azərbaycandakı səlirliyinin nümayəndəsi Volfqan Mössinger də proqramın əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, proqramın icra olunduğu müddət ərzində 173 nəfər azərbaycanlı sahibkar və menecerlər Almaniyanın Karl Duysberq (Carl Duisberg) və digər tədris mərkəzlərində təlim keçiblər. Həmçinin, Berlin, Bonn və başqa şəhərlərdə təcrübə toplayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR