Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edilib

Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edilib
# 28 iyun 2013 11:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 050201 Filologiya (HS 020300) ( Rus dili və ədəbiyyatı) və 050213 (HS 160100) Beynəlxalq münasibətlər, 050211(HS 120100) Regionşünaslıq (rus bölməsi) ixtisasları üzrə bakalavr və ya digər ali təhsili olan, orta qiymət balı 4-dən (100 ballı şkalada 70-dən) aşağı olmayan və ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul imtahanının nəticələrinə görə ümumi balı 75 (ixtisas üzrə 25) və daha çox olan Azərbaycan vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinin müvafiq “060201 Filologiya (rus dili üzrə)” (ixtisas kodu 288114, proqram 39, 1 yer) və “060213 Beynəlxalq münasibətlər” (ixtisas kodu 288122, proqram 47, 1 yer) ixtisaslarını da seçə bilərlər.

Ali təhsil müəssisələrinin magistrantları və magistr təhsili olanlar, həmçinin hərbi çağırışdan möhlət hüququ olmayanlar bu seçimdə iştirak hüququna malik deyillər. Bu ixtisasları seçmiş bakalavrlar (oğlanlar) hərbi çağırışdan möhlət hüququ haqqında sənədi iyulun 1-də saat 9-dan 13-dək TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasına təqdim edib qeydiyyatdan keçməlidirlər. Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinə qəbul olunduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının vakant yerləri olan ixtisaslaşmalarına əlavə yerləşdirmədə iştirak etmək hüququnu itirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR