Ucarda xəstə yaxınları tərəfindən döyülən həkim polisə müraciət edib - YENİLƏNİB-2

Ucarda xəstə yaxınları tərəfindən döyülən həkim polisə müraciət edib - <span style="color: red;">YENİLƏNİB-2
# 29 may 2014 19:11 (UTC +04:00)

Mən də xəstənin əməliyyat olunması üçün lazımı tədbirlərin görülməsinə tapşırıq verdim. Cərrahiyə otağının yaxınlığındakı otaqda digər xəstəni müayinə edərkən dəhlizdə səs-küy eşitdim. Cərrahiyə otağına yaxınlaşarkən əllərindəki xərəklə xəstəni gətirən 3-4 nəfərin əməliyyat otağının qapısını təpiklə vurduğunu, səs-küy saldığını gördüm, onlardan bu hərəkəti etməmələrini, səbrli olmalarını xahiş etdim. Əsəblərinə hakim olmayan xəstənin yaxınları isə xərəyi yerə qoyaraq mənə hücum etdilər, bir necə zərbə vurdular”.

Bunu Ucarda vəzifə borcunu yerinə yetirərkən xəstə yaxınları tərəfindən döyülən həkim Cavanşir Qədirov APA-nın yerli bürosuna açıqlamasında deyib.

Həkimin sözlərinə görə, yaxınlıqdakı şəxslərin köməkliyi ilə ona hücum edən xəstə yaxınları hadisə yerindən uzaqlaşdırılıblar.

“Mən baş verən xoşagəlməz hadisəyə məhəl qoymayaraq, vəzifə borcumu yerinə yetirdim, xəstəni əməliyyat etdim, onu və körpəsini ölümdən qurtardım. Əməliyyatdan sonra isə iş vaxtı vəzifə borcumu yerinə yetirərkən döyülməyimlə bağlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm” deyən C. Qədirov xəsarətlərlə əlaqədar hazırda ambulator müalicə aldığını da bildirib.

Qeyd edək ki, Qasımova Günel Fizuli qızının atası Füzuli Qasımov həkim Cavanşir Qədirovun mövqeyini təkzib edərək əksinə, özünün həkimin hücumuna məruz qaldığını və döyüldüyünü iddia edir.

Baş vermiş insidentin iştirakçısı Fizuli Qasımov hadisə ilə bağlı APA-ya mövqeyini bildirərkən qeyd edib ki, qızı Qasımova Günel bu gün səhər saatlarında kəskin sancı və qanaxma ilə təcili Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun qeysəriyyə yolu ilə doğuş keçirməsinə qərar verilib və əməliyyat olunması üçün əməliyyat şöbəsinə aparılmasının lazım olduğu bildirilib. Xəstənin əməliyyat şöbəsinə çatdırmaq üçün heç bir sanitar ayrılmadığından, qohumlar Günel Qasımovanı özləri xərəklə aparmalı olublar. Fizuli Qasımovun sözlərinə görə, qızının əməliyyat korpusuna çatdırılması üçün sanitarların ayrılmaması və əməliyyat şöbəsində onun qəbulunda yubanma yarandığından qohumlar arasında narahatlıq və əsəb gərginliyi yaşanıb. “Müəyyən müddətdən sonra bizim harayımıza otaqların birindən nəhayət bir nəfər çıxdı. O, xəstə yiyəsinin kim olduğunu soruşub danışıq üçün otağa çağırdı. Xəstəni və körpəni hər an itirmək təhlükəsi olduğundan mən iradımı bildirdim və əvvəlcə xəstəni təcili əməliyyat otağına yerləşdirilməsini tələb etdim. Lakin həkim mənim haqlı tələblərimə cavab olaraq mənə hücum edərək, 3-4 zərbə endirdi”.

***

Saat 17:35

Ucar. Zahid Abışov - APA. Ucarda həkim döyülüb. Hadisə bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş verib.

Baş həkimin müavini Ata Hacıyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün Zərdab rayon sakini Qasımova Günel Hümmət qızı doğuş keçirmək üçün ağır vəziyyətdə Ucar MRX-ya gətirilib.

Doğuş təbii üsulla mümkünsüz olduğundan, qeysəriyə yolu ilə həyata keçirilməsinə qərar verilib. Əsəblərinə hakim ola bilməyən xəstənin 4-5 nəfər yaxını xəstəxananın cərrahiyyə şöbəsinin müdiri və xəstənin cərrahı Cavanşir Qədirovu döyüblər.

Xəsarət almasına baxmayaraq, həkim G.Qasımovanı əməliyyat edərək, öz vəzifə borcunu yerinə yetirib. A.Hacıyev xəstəxanada baş verən hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verildiyini və hazırda araşdırma aparıldığını qeyd edib.

Qeyd edək ki, G.Qasımova ilk dəfədir ana olur. Ananın da, dünyaya gətirdiyi oğlan uşağının da vəziyyətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR