Londonda Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyası keçirilib - FOTO

Londonda Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyası keçirilib - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 07:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25 noyabr - 4 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilmiş Assambleyasının 28-ci sessiyasında iştirak edib. Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada çıxış edən Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlərə yönəldib. Nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələr aparılıb. Görülən işlərin məntiqi nəticəsi olaraq son dövrlərdə əvvəlki illərlə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilib.

Sessiya zamanı Türkiyənin Azərbaycanda səfiri olmuş, hazırda Türkiyənin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Ünal Çeviköz iki illik (2014-2015) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan assambleyanın sədri vəzifəsinə seçilib. Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Ünal Çeviközü belə bir mötəbər vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Sessiyada Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq komitələrinin hesabatları dinlənilib və “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə Gəmilərin Toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilən dəyişikliklər nəzərdən keçirilib.

Beynəlxalq Dəniz Təşkilatının ali icra orqanı olan Şura üzvlüyünə seçki keçirilib və ümumilikdə 40 dəniz dövləti Şuranın yeni üzvlüyünə seçilib.

170 dövlətin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 28-ci sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR