Xaçmazda “Beynəlxalq Sülh günü”nə həsr olunan konfrans keçirilib - FOTOSESSİYA

Xaçmazda “Beynəlxalq Sülh günü”nə həsr olunan konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 sentyabr 2015 12:00 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində Xaçmaz rayonunda “Beynəlxalq Sülh günü”nə həsr olunan konfrans keçirilib.

APA-nın şimal bürosunun xəbərinə görə, konfransda Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala rayonlarını təmsil edən milli azlıqların, etnik qrupların və digər millətləri təmsil edən ailələrlə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə və Dini Qurumlarla iş üzrə Dövlət komitələrinin sədrləri, Ombudsman Aparatının, Xaçmaz rayon ictimaiyyətinin nümayəndələri, dini icma üzvləri və ekspertlər iştirak edib.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə əsrlərdir ki, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Komitə sədri respublikamızda bütün xalq, din və etnik qrupların üzvlərinin bərabər hüquq və azadlıqlara malik olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, ölkəmizdə istər dini, istərsə də milli müstəvidə heç bir problemin olmadığını vurğulayıb.

Konfransda həmçinin BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycanda Dağ Yəhudiləri Dini İcmasının üzvü Boris Simanduyev, keşiş Konstantin Pominov, Xaçmaz Təzəşəhər məscidinin Axundu Yaşar Rzayev və başqalarının mövzu ətrafında məruzələri dinlənilib.

Tədbirin 2-ci hissəsində iştirakçı ailələrin təmsil etdikləri xalqların mədəniyyətlərini nümayiş etdirmələri planlaşdırılır.

Tədbir ölkə prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının təmin edilməsi, cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin, cəmiyyətdə və ailədə tolerantlıq mədəniyyətinin təbliği məqsədilə təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR