“Bakı-2015” Avropa Oyunları Koordinasiya Komitəsinin birinci toplantısı olub - FOTOSESSİYA

“Bakı-2015” Avropa Oyunları Koordinasiya Komitəsinin birinci toplantısı olub - <span style="color: red;">FOTOSESSİYA
# 30 aprel 2013 15:31 (UTC +04:00)

APA-nın məlumatına görə, toplantıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Tədbirdən əvvəl M. Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb.

Görüşdə Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərir.

Sonra toplantı başlayıb.

Toplantıya sədrlik edən M. Əliyeva Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməkdən qürur duyduğunu bildirib: “Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq”.

Azərbaycanın birinci xanımı ilkin mərhələdə Koordinasiya Komitəsinin qarşısında duran müxtəlif məsələlərə toxunub. Təşkilat Komitəsinin sədri Olimpiya kəndi də daxil olmaqla lazımi infrastrukturun hazırlıq səviyyəsinin, məlumatın ötürülmə, Oyunlara hazırlıq və keçirilməsini işıqlandıracaq kütləvi informasiya vasitələri ilə iş strategiyası, idman proqramının təsdiqlənməsi və tamamlanmasının xüsusi diqqət tələb etdiyini deyib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın Avropa Oyunlarının təşkilat komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır.

Toplantıda xarici ekspertlərin Avropa Oyunlarının keçirilməsi ilə bağlı təqdimatları olub.

Təqdimatlarda təşkil olunacaq mərasim və mədəni proqramlar, yayım, media strategiyaları, əlaqələr, işçi və tikinti planları haqda fikir mübadiləsi aparılıb.

Sonra müzakirələrə başlayan Avropa Olimpiya Komitəsinin üzvləri bu oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Təkliflərə görə təşəkkürünü bildirən Mehriban Əliyeva Avropa Oyunlarının Azərbaycan üçün ilk belə təcrübə olduğunu deyib. Bu oyunlarının böyük uğur kimi Olimpiya ailəsi tarixinə düşəcəyinə ümidvar olduğunu bildirən Azərbaycanın birinci xanımı Koordinasiya Komitəsinin iclasında səslənən fikirlərin Avropa Oyunlarına hazırlıq işlərinə yeni nəfəs gətirəcəyini qeyd edib.

M. Əliyevaya Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR