“ASAN xidmət” Hacıqabulda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar fərmanın icrasına başlayıb

“ASAN xidmət” Hacıqabulda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar fərmanın icrasına başlayıb
# 22 sentyabr 2014 14:25 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. “ASAN xidmət” Hacıqabulda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar rayonun torpaq sahiblərinə mülkiyyət hüququ əldə etmək üçün xidmətə start verib.

“ASAN xidmət”in mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Azərbaycan prezidentinin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında fərmanından irəli gələn məsələlərin icrasına başlanılıb. Bu məqsədlə “ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş “Səyyar ASAN xidmət” avtobusları 20 sentyabr tarixindən Hacıqabul rayonunda sakinlərə xidmət göstərməyə başlayıb.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçiriləcək.

Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədilə artıq zəruri addımlar atılıb. Bu xidmətlərə aşağıdakılar daxildir:

- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- notariat fəaliyyəti;

- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda nəzərdə tutulan bütün xidmətlər;

- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;

- torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;

- müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə razılıq verilməsi;

- müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;

- müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.

Qeyd edilir ki, boru kəməri çəkiləcək bütün rayonların ərazisində analoji xidmətlərin göstərilməsi növbəlilik əsasında həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR