Ombudsman Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını qəbul edib

Ombudsman Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını qəbul edib
# 24 oktyabr 2014 13:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanda səfərdə olan Avropa Şurası (AŞ) İnsan Hüquqları üzrə Komissarı Nils Mujniyeksi qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil ölkədə insan hüquqları ilə bağlı məlumat verib, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası istiqamətində mühüm işlərin görüldüyünü, ölkənin hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini söyləyib.

Komissarın diffamasiya ilə bağlı sualını cavablandıran Ombudsman öz illik məruzələrində diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini təklif etdiyini, sözügedən məsələ üzrə müddəanın MFP-də də öz əksini tapdığını söyləyib.

Komissarın həbs olunmuş və təqsirləndirilən şəxslərlə bağlı suallarına cavab olaraq, Ombudsmanın tərkibində həkimin də olduğu Milli Preventiv Qrupunun üzvlərinin müntəzəm şəkildə müvafiq müəssisələrə başçəkmələr həyata keçirdiyi vurğulanıb. Müvəkkilin və əməkdaşlarının həmin şəxslərə dəfələrlə baş çəkdiyi, saxlanma şəraitini, onlara qarşı rəftarı, səhhətlərini, problemlərini öyrəndiyi, Ombudsmanın öz səlahiyyətləri çərçivəsində müvafiq orqanlara müraciət edərək həllində yardımçı olduğu bildirilib.

E.Süleymanova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin itirildiyini, bir milyondan artıq soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, insan hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu, Dağlıq Qarabağın və 7 ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyini xatırladıb. Qeyd olunub ki, bu işğal faktı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnamələri mövcuddur, lakin bu sənədlərdəki müddəalar bu günədək yerinə yetirilməyib. Müvəkkil məlum münaqişənin sülh və danışıqlar yolu ilə həllində yardımçı olmasını Komissardan xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR