1 saylı «ASAN xidmət» Mərkəzi fəaliyyətə başlayandan bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib

1 saylı «ASAN xidmət» Mərkəzi fəaliyyətə başlayandan bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib
# 23 aprel 2013 16:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 2001-ci ilin sentyabrından bu günədək respublikanın 16 yaşdan yuxarı əhalisinin 98,7%-i və ya 6 303 455 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

APA-nın məlumatına görə, bu fikirlər Daxili İşlər Nazirliyində bu gün keçirilən “Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili” və “Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti və qarşıda duran vəzifələr”ə həsr olunmuş Kollegiya iclasında səsləndirilib.

İclasda qeyd olunub ki, şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin tətbiqi ilə bağlı müvafiq qanunlardan və aidiyyəti Dövlət Proqramından irəli gələn vəzifələr də ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarilə 2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, prezident İlham Əliyev tərəfindən vəsiqənin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Həmçinin «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə» layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub, müasir tələblərə cavab verən 9 regional mərkəz üçün yeni inzibati binalar tikilərək zəruri avadanlıqlarla təchiz edilib. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir.

Bildirilib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi məqsədilə prezidentin 23 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində də müəyyən işlər görülüb. Bununla bərabər, prezidentin 5 sentyabr 2012-ci il tarixli fərmanına uyğun olaraq cari ilin əvvəlindən şəxsiyyət vəsiqələrinin nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı «ASAN xidmət» mərkəzində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsinə başlanılıb və bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Aidiyyəti işlərin may və iyun aylarında istismara veriləcək 2 saylı Xətai, 3 saylı Yasamal və Sumqayıt «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülüb, mərkəzlərin zəruri avadanlıq və ixtisaslı kadrlarla təminatı məsələsi həllini tapıb.

Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bu günədək respublikanın 16 yaşdan yuxarı əhalisinin 98,7%-i və ya 6 303 455 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib və bu mühüm sahədə fəaliyyət məqsədyönlü surətdə davam etməkdədir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin oktyabr ayında ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işinin, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslərin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasını, səyyar qrupların fəaliyyətinin gücləndirilməsinin, bütövlükdə seçki hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin olunmasının vacibliyini bir daha qeyd edib. Həmçinin ərazi polis orqanlarının rəislərindən şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış şəxsiyyət vəsiqələrinin sahiblərinə dərhal təqdim edilməsinin zəruriliyini nəzərə çatdırıb.

Çıxışının sonunda Ramil Usubov prezident İlham Əliyevi əmin edib ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkəmizdə gedən böyük quruculuq işlərinin əsas təminatlarından olan ictimai asayişin etibarlı qorunması, sabitliyin davamlı olması üçün var qüvvəsi ilə çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR