Gürcüstan vətəndaşının Ukraynadakı döyüşlərdə həlak olması ölkədə qalmaqal yaradıb

Gürcüstan vətəndaşının Ukraynadakı döyüşlərdə həlak olması ölkədə qalmaqal yaradıb
# 22 dekabr 2014 15:54 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Gürcüstan Müdafiə Nazirliyinin Ukraynada həlak olmuş Aleksandr Qriqolaşvili ilə bağlı bəyanatı ölkədə siyasi qalmaqala səbəb olub.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, nazirliyin rəsmi “Facebook” səhifəsində A. Qriqolaşvilinin ölümündə keçmiş hakimiyyətin ittiham edilməsi həm sabiq iqtidar partiyası olan Vahid Milli Hərəkatın, həm də hakim “Gürcü Arzusu” koalisiyasından olan deputatların narazılığına səbəb olub. Deputatlar tələb ediblər ki, nazir Mindiya Canelidze parlamentə gələrək izahat versin.

Baş nazir İrakli Qaribaşvili də bu açıqlamanın yanlış olduğunu və nazirin üzr istəyəcəyinə ümid etdiyini bildirib. Dekabrın 20-də rəsmi səhifəyə yerləşdirilən açıqlama bir gün sonra silinib. Lakin nə nazirliyin mətbuat xidməti, nə də nazir M. Canelidze məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.

Gürcüstan prezidenti Georgi Marvelaşvili isə məsələni şişirtməməyə çağırıb və “bütün ölkənin bir nəfərə qarşı birləşməsini” düzgün saymadığını bildirib.

Ukraynaya könüllü olaraq “Aydar” batalyonunun tərkibində döyüşməyə getmiş 32 yaşlı Aleksandr Qriqolaşvili dekabrın 18-də Luqansk vilayətinin Şastye şəhəri yaxınlığında həlak olub. Onun atası Mixail Qaribaşvili mətbuata bildirib ki, oğlunun vətənə gətirilməsi və dəfnində göstərdiyi yardıma görə Gürcüstan hökumətinə təşəkkür edir: “Amma oğlumun adının siyasi spekulyasiyalarda hallanmasını istəmirəm. Oğlumu Ukraynaya getməyə kimsə vadar etməmişdi. Bizi rahat buraxın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR