Əli Əhmədov: “Azərbaycanda bu cür xırdalanmış inzibati ərazi vahidlərinin saxlanılmasına ehtiyac yoxdur”

Əli Əhmədov: “Azərbaycanda bu cür xırdalanmış inzibati ərazi vahidlərinin saxlanılmasına ehtiyac yoxdur”
# 19 mart 2012 14:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. ““Rayon” məfhumundan imtina etməyin vaxtı çatıb. Birincisi, “rayon” məfhumu sovet dönəmi ilə bilavasitə əlaqədardır və bu, nə Azərbaycan dilinə uyğundur, nə də bugünkü Azərbaycanın idarəçilik mexanizmində özünə lazımi yer tapa bilib. Bu, sovet dönəmindən qalmış bir yükə çevrilib və Azərbaycan bu yükdən xilas olmalıdır. Onu da qeyd edim ki, postsovet məkanında yer alan ölkələrin çox az bir hissəsində “rayon” məfhumunun saxlanmasına rast gəlmək olar. Eyni zamanda Azərbaycanın dövlət idarəçiliyinin tarixinə nəzər salsaq, görərik ki, bu, tamamilə yad bir elementdir. Ona görə də mən təklif edirəm ki, inzibati ərazi vahidlərinin “rayonlar” məfhumu ilə adlandırılmasına son qoyulsun. Hazırkı gerçəkliyə və idarəçilik məfkurəsinə, strukturuna daha çox uyğun gələn, Azərbaycanın dövlətçilik tarixini əks etdirən bir məfhum seçmək olar”. APA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov YAP-ın saytına müsahibəsində deyib.

Ə. Əhmədov regional idarəetmənin təkmilləşdirilməsi ilə bağlı da danışıb: “Bu təklifimin əsasında regional idarəetmənin sadələşdirilməsi, regional idarəetmə xərclərinin azaldılması dayanır. Sovet dövründə bu cür kiçik rayonların yaradılması özünü doğruldurdu, çünki həmin dövrdə mərkəzləşdirilmiş idarəetmə sisteminə istinad olunurdu. Amma Azərbaycanda hazırkı dövlət idarəçiliyi cəmiyyət həyatının bütün sahələrinə nəzarət etmir, başqa sözlə, cəmiyyətin bütün sahələri dövlət idarəçiliyinə şamil edilmir. Beləliklə də, qeyri-mərkəzləşdirilmiş idarəçilik sisteminin mövcud olduğu Azərbaycanda bu cür xırdalanmış inzibati ərazi vahidlərinin saxlanılmasına ehtiyac yoxdur. İndi inzibati ərazi vahidlərinin rəhbərləri çox az sahələrə müdaxilə edirlər, çox az sahələri idarə edirlər. Ona görə də, hazırda əvvəlki dövrlərə şamil oluna biləcək, əvvəlki dövrlərdə yaradılmış - əlbəttə ki, sovet dövrünü nəzərdə tuturam - idarəçilik məfkurəsinin və formasının saxlanılması əlavə idarəçilik xərcləri tələb edir və regional idarəçiliyin xeyli dərəcədə mürəkkəbləşməsinə gətirib çıxarır. Düşünürəm ki, bu, prezidentimiz tərəfindən dəfələrlə qeyd edilmiş islahatlar konsepsiyasının tərkib hissəsi kimi də nəzərdən keçirilə bilər. Bu gün Azərbaycanda həyata keçirilən işlər, bütövlükdə, Azərbaycan dövlətinin xeyli dərəcədə qüdrətlənməsinə imkan yaradır ki, tədricən və düşünülmüş şəkildə regional idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi islahatlar həyata keçirilsin və bunun konsepsiyası hazırlansın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR