Nazir Fazil Məmmədov: “Elektron auditin tətbiqi neqativ halların yaranma ehtimalının azalmasına xidmət edəcək”

Nazir Fazil Məmmədov: “Elektron auditin tətbiqi neqativ halların yaranma ehtimalının azalmasına xidmət edəcək”
# 15 fevral 2012 09:42 (UTC +04:00)
Şamaxı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycanda vergi nəzarətinin distant formalarına üstünlük verir, yoxlamalar daha çox kameral üsulla aparılır, o cümlədən vergi ödəyicilərinin bəyannamələrinin kameral vergi yoxlanması prosesində tətbiq edilmiş yeni proqram təminatları bu sahədə vergi nəzarətinin səmərəliliyinin əsaslı surətdə artırılmasına imkan verib.

APA-Economics”in xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda Şamaxıda keçirilən konfransda çıxışında vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il nazirlik Avropa Birliyinin Qonşuluq Siyasəti çərçivəsində “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” tvinninq layihəsinin reallaşdırılmasına başlayıb. Bu layihə vergi auditi sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur: “Elektron auditin tətbiqi bizə vergi ödəyicisinin ofisinə getmədən məsafədən nəzarət imkanları yaradacaq ki, bu da vətəndaş-məmur təmaslarının məhdudlaşdırılmasına və nəticədə neqativ halların yaranma ehtimalının azalmasına xidmət edəcək”.

Nazir bildirib ki, hazırda vergi orqanlarının fəaliyyəti ilə bağlı sualı, şikayəti olan vətəndaşlara həm nazirliyin rəsmi internet saytı, həm poçt vasitəsilə, həm də nazirliyin rəhbərləri ilə birbaşa müraciət etmək imkanı yaradılıb: “Keçən ildən etibarən vətəndaşlar nazirliyin hər bir rəhbər vəzifəli şəxsi ilə video-qəbul vasitəsilə də canlı rejimdə ünsiyyət qura bilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR