Ayətullah Xamneyi Barak Obamanın İranla bağlı fikrini müsbət qiymətləndirib

Ayətullah Xamneyi Barak Obamanın İranla bağlı fikrini müsbət qiymətləndirib
# 09 mart 2012 06:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi ölkənin Ekspertlər Şurasının rəhbərliyi və üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, o, görüşdə ABŞ prezidenti Barak Obamanın rəsmi Tehranın mübahisəli nüvə proqramına dair son şərhinə də toxunub.

Ayətullah Xamneyi ABŞ prezidentinin İranın nüvə proqramı ətrafında yaranmış problemin həlli üçün diplomatiya yoluna üstünlük veriləcəyi və Tehrana qarşı hərbi müdaxilə variantının düşünülmədiyi ilə bağlı fikrini müsbət qiymətləndirib: “Bu, gözəl bir ifadədir. Lakin Obama çıxışının davamında sanksiyalarla İran xalqını diz çökdürmək istədiklərini deyib. Bu isə onların şübhələrinin davam etdiyini göstərir. Bu da ABŞ rəhbərliyinə zərər verəcək və onların planları boşa çıxacaq”.

İranın ali dini lideri deyib ki, ölkəsinə qarşı sanksiyalar 33 ildir davam edir: “Son bir ildə sanksiyalar artırılıb. Onlar bu üsulla xalqla hakimiyyət arasında uçurum yaratmaq niyyətində idilər. Ancaq martın 2-də keçirilmiş IX çağırış parlament seçkiləri xalqın sistemə bağlılığını bir daha göstərdi. Çünki xalqın seçkilərdə iştirakı yüksək səviyyədə oldu. Mən buna görə xalqa təşəkkür edirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR