Joze Karlos: “Rivaldo Azərbaycan futbolu haqda məlumatlıdır”

Joze Karlos: “Rivaldo Azərbaycan futbolu haqda məlumatlıdır”
# 13 mart 2012 15:55 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan futbolunu izləyirəm. Hərdən internetə daxil olub, oyunların nəticələri ilə maraqlanıram”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq futbolçusu Joze Karlos deyib.

24 yaşlı hücumçunun ölkəmizdə 1,5 illik karyerası yalnız “ağ-qaralar”a bağlı olub. “Neftçi”nin heyətində Premyer Liqanın bürünc medalını qazanan Joze hazırda vətəni Braziliyada “Moqi Mirim”də oynayır ki, bu komandanın prezidenti məşhur futbolçu, hazırda karyerasını Anqolada davam etdirən Rivaldodur.

Karlos bildirib ki, Braziliyada Azərbaycan futbol haqda çox şey bilmirlər: “Çünki burada çoxlu çempionatlar keçirilir və əsas diqqət bu yarışlara yönəlir. Rivaldo hazırda Braziliyada deyil, Anqoladadır. Bildiyiniz kimi, karyerasını orda davam etdirir. Fikrimcə, Rivaldo Azərbaycan haqda məlumatlıdır. Çünki Özbəkistanda oynayıb və türkdilli, müsəlman ölkələrində mədəniyyət barədə bir qədər bilir”.

Karlosun sözlərinə görə, ölkəmizdə az meydana çıxsa da, xoş təəssüratları qalıb: “Azərbaycanı sevirəm. Orada oynamaq mənim üçün təcrübə oldu. Təklif olsa, məmnuniyyətlə qəbul edərəm. Azərbaycan klubu mənim xidmətimdə maraqlı olarsa, bundan xoşbəxt olaram. Bu səbəbdən hər hansı bir təklifi müsbət qarşılayacağım dəqiqdir. Braziliya ilə oradakı futbolçuların qazancında fərq var. Bu oyunçular və komandalar üçün yaxşıdır. Maddi qazancın arzuolunan səviyyədə olması bizlərə dəstək verir”.

Qeyd edək ki, Joze 2008-ci ilin qışından 2009-cu ilin yayına kimi “Neftçi”nin formasını geyinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR