“Eurovision 2012”nin final şousunun əsas məşqi keçirilib

“Eurovision 2012”nin final şousunun əsas məşqi keçirilib
# 25 may 2012 18:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Azərbaycanın ev sahibliyi ilə keçirilən “Eurovision 2012” Mahnı Müsabiqəsinin final gecəsi baş tutacaq şounun əsas məşqi keçirilib. Final gecəsi üçün nəzərdə tutulan proqramın açılışın bir sıra maraqlı təqdimatlarla yadda qalacaq. Bugünkü, məşq prosesində açılış üçün əvvəlcə xalq artisti Alim Qasımov bir beytlik muğam parçası ilə səhnəyə çıxıb. Xanəndənin möhtəşəm ifasından sonra səhnəyə Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi çıxıb. Rəqs ansamblının Cəngi musiqisi üzərində təqdim olunan quruluşundan sonra Azərbaycana qalibiyyət gətirən “Eurovision 2011”in qalibləri Eldar və Nigar “Running scared” mahnısını oxuyublar. Daha sonra “Eurovision 2012” Mahnı Müsabiqəsinin finalına vəsiqə qazanan 26 ölkə öz müsabiqə mahnılarını ardıcıllıqla ifa ediblər. Bütün ölkələrin təmsilçilərinin çıxışından sonra ölkələrin səsverməsi üçün ayrılan vaxt ərzində səhnəyə Emin Agalarov çıxıb. Eminin səhnə performansından ilk əvvəl bütün arenaya əllərində alov məşəli ilə rəqs qrupu daxil olur. Daha sonra kamançada Toğrul Əsədullayev və ardınca isə nəfəs alətləri üzrə ifaçı, əməkdar artist Şirzad Fətullayev zurnada dahi bəstəkar və müğənni SSRİ xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısından bir parça və musiqinin daxilində muğam gəzişməsi ifa ediblər. Emin Ağalarov isə elə həmin mahnıların sədaları altında səhnənin mərkəzinə yüksəklikdən enib. Və müğənni məşhur “Never” mahnısını canlı olaraq ansamblı və bek vokalçıları ilə birlikdə ifa edib. İfasının sonunda isə müğənni Azərbaycan bayrağını səhnədə yüksəkliyə qaldırır. Beləliklə final gününün jurnalistlər üçün nəzərdə tutulan əsas məşqi uğurla başa çatıb. Bu gün gecə isə saat 24:00 da final şousunun tamaşaçılar və jüri üçün məşqi baş tutacaq. Bütün Avropanın diqqət mərkəzində olan “Eurovision 2012” müsabiqəsinin final şousu isə sabah yerli vaxtla saat 24:00 dan yayıma başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR