«Nokia» şirkəti «Vertu» brendini satır

«Nokia» şirkəti «Vertu» brendini satır
# 14 iyun 2012 12:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Finlandiyanın «Nokia» şirkəti bahalı mobil telefonlar istehsalı ilə məşğul olan bölməsini - «Vertu» şirkətini satmağa hazırlaşır.

«Bloomberg» agentliyinin məlumatına görə, alıcı İsveçdə qeydiyyatdan keçmiş özəl idarəetmə fondu olan «EQT Partners» ola bilər. Təqribi məlumatlara görə, satış qiyməti 200 mln. avro təşkil edə bilər.

Qeyri-rəsmi məlumatlara görə, hazırda «Vertu» şirkəti gəlirlə işləyir. Amma «Nokia» şirkəti onun satışından əldə olunan vəsaitləri smartfon bazarında mövqelərini gücləndirməyə, daha dəqiqi, yeni smartfon modellərinin işlənib-hazırlanmasına xərcləmək niyyətindədir.

Qeyd edək ki, «Vertu» brendi 1998-ci ildə «Nokia»nın Britaniyadakı törəmə şirkəti kimi yaradılıb. Bu ticarət markası altında lüks telefonlar buraxılır. Telefonlar “Nokia” modellərinin bazasında buraxılsa da, unikal dizaynla seçilir və korpusları bahalı materiallardan - qızıl, platin, titan ərintiləri və s.-dən hazırlanır. Bütün dünyada «Vertu» telefonları ya öz firma mağazaları, ya da bahalı saat və zərgərlik mağazalarında satılır. Bu telefonların əsas satış bazarları Çin, Rusiya və Fars körfəzi ölkələridir. Şərqi Avropada «Vertu» bazalı telefonlar bazarın 60%-ni tutur. Şirkətin ən bahalı telefonu «Boucheron Cobra» 217 min avrodur, korpusu platin və brilyantlardan hazırlanmış «Signature Diamonds Collection» telefonu isə 90 min avroya satılır. «Vertu»nun ən ucuz telefonları 4,5 min avrodan başlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR