Azərbaycan klubları avrokuboklara buraxılmayacaq

Azərbaycan klubları avrokuboklara buraxılmayacaq
# 03 may 2012 10:08 (UTC +04:00)
Bakı – APA. Kişi həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 komandanın iştirakı ilə keçirilən yarışın qalibi adını Bakının AZAL klubu qazanıb. “Dinamo”nun gümüş medal qazandığı çempionatda “Təhsil” həndbolçuları 3-cü yer tutub.

Lakin buna baxmayaraq, Azərbaycan klubları yenə avrokuboklara qatılmayacaq. Bunun səbəbi isə yığmamızın baş məşqçisi Hikmət Abdullayev üçün də qaranlıqdır: “Bu yenə reallaşmayacaq. Sözün düzü, özüm də yadımdan çıxarmışam ki, axırıncı dəfə avrokuboklarda 2007 yoxsa, 2008-ci ildə oynamışıq. Həqiqətən çox çətindir. Düzdür, özümüz gənclərdən ibarət yığma qurmuşuq və onlar bu idman növünü yaşadırlar. Amma bu gedişlə çətindir və belə çıxır ki, biz özümüz üçün oynayırıq. Fikirləşin ki, oyunlara bəzi həndbolçular işdən qaçıb gəlir, bəziləri isə özlərini yetirə bilmirlər. Lakin bütün bunlara baxmayaraq, yarışı başa çatdırdıq”.

Abdullayev bildirib ki, həndbolçuların təcrübəsini artırmaq üçün az məvaciblə də olsa, xarici klublara təklif edirlər: “Gənclərdən ibarət yığmamızın üzvləri “Çelenc Cup”da çıxışlarından sonra bir sıra klubların diqqət mərkəzinə düşüblər. Əsasən 2 ölkədən real təkliflər var. Bunlar Türkiyə və Rusiya klublarıdır. Türkiyədən “Trabzonspor”, “Milli Piyanqo” və “Ankaragücü”, Rusiyada isə Volqoqradın “Kaustik” komandası yığmamızın üzvünü heyətində görmək istəyir. Düzdür, Həndbolçularımız Azərbaycanda iş tapdıqları halda legioner həyatı yaşamaq istəmirlər. Məsələn, əvvəlcə Türkiyədə ayı 500 avroya oynayırdılar. Lakin bu rəqəm onlara sərf etmədi və vətənə döndülər. İndi isə danışıqlarımız 1000 avrodan başlayır və oyunçuya görə məbləğ artır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR