Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisəsi yaratmaq səlahiyyətinin NMR Ali Məclisinin sədrinə verilməsi barədə sərəncam imzalanıb

Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisəsi yaratmaq səlahiyyətinin NMR Ali Məclisinin sədrinə verilməsi barədə sərəncam imzalanıb
# 08 fevral 2012 18:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat yayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilib.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR