Azərbaycanın daxili işlər naziri və ABŞ səfiri arasında görüş keçirilib

Azərbaycanın daxili işlər naziri və ABŞ səfiri arasında görüş keçirilib
# 19 sentyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ABŞ-ın yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir yeni səfirin Azərbaycanla ABŞ arasında qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. R. Usubov Daxili İşlər Nazirliyinin strukturu, funksiyaları və fəaliyyət istiqamətləri barədə danışıb. O, müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın təcavüzü, kriminogen durumun nəzarətdən çıxması, vətəndaş müharibəsi təhlükəsi barədə səfirə məlumat verib.

Polisin fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, xarici ekspertlərin yaxından iştirakı ilə yeni normativ-hüquqi bazanın yaradılması və digər sahələrdə görülən işləri diqqətə çatdıran R. Usubov Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları ilə ABŞ səfirliyi arasında əməkdaşlığın son illər daha da möhkəmlənməsindən razılığını ifadə edib.

Səfir Riçard Morninqstar səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Bakıda ilk dəfə 1995-ci ildə olduğunu xatırladaraq ötən müddətdə Azərbaycanın inanılmaz dərəcədə inkişaf etdiyini və dəyişdiyini, fəaliyyəti dövründə ölkələr, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hər cür səylər göstərəcəyini vurğulayıb.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR