Publisist Fikrət Mursaqulov Mətbuat Şurasında anılıb - FOTO

Publisist Fikrət Mursaqulov Mətbuat Şurasında anılıb - <font color=red>FOTO</font>
# 06 aprel 2012 16:28 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) cəmi 34 il ömür sürmüş istedadlı jurnalist, şair-publisist Fikrət Mursaqulovun xatirəsi anılıb. Şuradan APA-ya verilən məlumata görə, şair-publisist Həzi Həsənlinin “Uğur” nəşriyyatında çap olunmuş “İşıq əlifbası” kitabının təqdimatı kontekstində keçirilən mərasimə mərhum sənətkarın qələm dostları, yaxınları, tələbə yoldaşları və ölkə KİV-nin təmsilçiləri toplaşıblar. Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O bildirib ki, MŞı dünyasını dəyişmiş tanınmış jurnalistlərin anım günlərinin keçirməsini ənənəyə çevirib: “İstedadlı qələm sahibi Fikrət Mursaqulovun xatirə işığına toplaşmağımız da bu ənənənin davamından irəli gəlir. “Həzi Həsənlinin “İşıq əlifbası” kitabı bizi 25-30 il əvvələ qaytarıb. O, həqiqətən işıqlı adam idi. Kitabda onunla təmaslarımla əlaqədar fikirlər də yer alıb. Dəyərli jurnalist, şair, publisist, araşdırmaçı, ədəbiyyatşünas idi. Cavan yaşında ətrafına kifayət qədər insanları toplaya bilmişdi”. Ə. Amaşov müəllifin və dostlarının “İşıq əlifbası”nı ərsəyə gətirməklə böyük xeyirxahlığa imza atdıqlarını vurğulayıb.

Sonra kitaba ön sözü yazmış “Xalq qəzeti”nin şöbə müdiri, filologiya elmləri namizədi İlham Abbasov çıxış edib. İ.Abbasov çıxışında F.Mursaqulovu dostluq və ünsiyyət məktəbi, fenomen yaddaşa malik doğma adam adlandırıb.
“Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu görmə qabiliyyətini itirmiş Fikrətin həsəd aparıla biləcək dərəcədə duyuma, həssaslığa malik olmasından danışıb: “Söz dünyası onun yaşam dünyası idi”. “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə kitabın Fikrəti bir daha xatırlatdığını söyləyib: “Bu kitab həm də onun dostlarına hədiyyədir”.

Daha sonra tədbirdə MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, mərhumun sinif yoldaşı Mais Muradov, Korlar Cəmiyyəti nəşriyyatının işçisi Famil Hacısoy, “Respublika” qəzetinin əməkdaşı Nəriman Cavadov, həmçinin sənətkarın yaxın dostu Givi Paçxataşvili və jurnalist Gülnaz Əliyeva çıxış ediblər.
Sonda əsərin müəllifi Həzi Həsənliyə söz verilib. O, iştirakçılar adından belə bir tədbirin təşkilinə görə MŞ-yə təşəkkürlərini bildirib. Sözünü əsərdə dediyini dilə gətirən müəllif onlara “İşıq əlifbası” ilə yaxından tanışlığın həm də F. Mursaqulovun ruhuna yeni ehtiram nümunəsi olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR