Azərbaycan banklarındakı əmanətlərin cəmi 6%-i regionların payına düşür

Azərbaycan banklarındakı əmanətlərin cəmi 6%-i regionların payına düşür
# 21 iyul 2012 11:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda bank əmanətlərinin 94%-dən böyük hissəsi paytaxt Bakı və Abşeron iqtisadi rayonunun payına düşür. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Bankdan verilən məlumata görə, iyunun 1-ə olan vəziyyətə ölkə banklarında 4 mlrd. 341 mln. 722,2 min manat əmanət var ki, bunun da 3 mlrd. 969 mln. 806,7 min manatı və ya 91,43-i Bakı şəhərində, 114 mln. 564 min manatı və ya 2,64%-i Abşeron iqtisadi rayonundan cəlb edilib.

Ölkənin qalan regionlarının banklardakı əmanətlərinin həcmi 252 mln. 352 min manat və ya ümumi portfelin cəmi 5,8%-i qədərdir. Gəncə-Qazax iqtisadi rayonu üzrə əmanətlərin həcmi 73 mln. 99,2 min manat və ya ümumi əmanət portfelinin 1,7%-i, Aran iqtisadi rayonu üzrə əmanətlər 62 mln. 251,1 min manat (1,4%), Lənkəran iqtisadi rayonu üzrə əmanətlər 30 mln. 451,2 min manat (0,7%) həddindədir.

Quba-Xaçmaz iqtisadi rayonu üzrə əmanətlər 28 mln. 333,3 min manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 22 mln. 316 min manat, Naxçıvan iqtisadi rayonu üzrə 22 mln. 177,2 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 8 mln. 502 min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 7 mln. 724,4 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə əmanətlərin məbləği isə 2 mln. 497,1 min manat təşkil edir.

Ölkədə əmanətlər üzrə ən yüksək faiz dərəcələri Abşeron iqtisadi rayonunda (illik 9,4%), ən aşağı əmanət faizləri isə Naxçıvan iqtisadi rayonunda (3,4%) qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR