Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri I rübdə 33% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri I rübdə 33% artıb
# 11 aprel 2012 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 689,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,5% çoxdur. Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 10,5% artaraq 297,8 mln. manata çatıb.

İcbarı dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1%-i və ya 176,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,2% artıb, proqnoz isə 104,9% icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 12,7% artıb.

Yanvar-mart aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 121,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi icbari dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artıb, proqnoz 93,2% icra olunub.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Yanvar-mart aylarında DSMF-nin xərcləri 606,4 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə Fond 599,0 mln. manat vəsait yönəldib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31% çoxdur.

Fondun məlumatında deyilir ki, Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9%-lik artım tətbiq olunub.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 6,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 15,8% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR