Ali Məhkəmə Vidadi İsgəndərlinin məhkəmədə iştirakı barədə vəsatəti təmin edib

Ali Məhkəmə Vidadi İsgəndərlinin məhkəmədə iştirakı barədə vəsatəti təmin edib
# 13 mart 2012 10:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə deputatlığa keçmiş namizəd Vidadi İsgəndərlinin Şəki Apellyasiya Məhkəməsinin yekun qərarından verdiyi kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, müdafiə tərəfi prosesdə Vidadi İsgəndərlinin məhkəmədə iştirakının təmin olunması barədə vəsatət qaldırıb. Müşavirədən sonra hakim vəsatətin təmin olunduğunu bildirib.

Prosesin növbəti iclası isə aprelin 10-na təyin olunub.

Qeyd edək ki, Göyçay rayon Məhkəməsinin hökmü ilə V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən isə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Lakin apellyasiya şikayəti təmin olunmayıb.

İttihama görə, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərli barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Bu il mayın 2-də Vidadi İsgəndərova qeyd edilən maddələrlə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR