Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib

Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib
# 08 may 2012 14:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir Baş Prokurorluğun Tarix Muzeyinin Heydər Əliyevə həsr edilmiş zalında davam etdirilib. Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, Azərbaycanın müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz bağlıdır: “Müstəqilliyimizin xilaskarı və yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək ömür yaşayan ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarətdir ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlığı formalaşdırıb, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib”.

Z. Qaralov qeyd edib ki, Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarıb və gələcəyə olan ümidlərini artırıb. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla sabitliyə nail olub, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşib. Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılıb. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və digər mühüm layihələrin gerçəkləşdirilməsi təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, genişmiqyaslı özəlləşdirmə proqramları həyata keçirilmiş, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində infilyasiyanın artım tendensiyasının qarşısı alınıb, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb”.

Mərasimdə vurğulanıb ki, ölkə başçısı İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

Mərasimin sonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən hazırlanmış «Heydər Əliyev fenomeni» adlı film nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR