Müdafiə Nazirliyi: “Mayın 15-də baş verən əsgər ölümünü yeni xəbər kimi təkrarlamaq təxribatdır”

Müdafiə Nazirliyi: “Mayın 15-də baş verən əsgər ölümünü yeni xəbər kimi təkrarlamaq təxribatdır”
# 15 iyun 2012 16:14 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin rəis müavini Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin məlumatın yeni baş verən hadisə kimi cəmiyyətə təqdim edilməsi heç cür anlaşıla bilməz: “Baş verən bu hadisə bizdə bunun təxribat olduğuna şübhələnməyə əsas yaradır”.

T.Abdullayev qeyd edib ki, mətbuat nümayəndələri belə məsələlərə həssaslıqla yanaşmalı, hadisə zamanı zərər çəkən tərəfin heysiyyəti ilə oynamamalıdırlar: “Xeyli müddət bundan əvvəl baş vermiş hadisə ilə bağlı xəbərin yenidən təkrar olaraq mətbuata çıxarılması qaysaq bağlamamış yaranın qoparılması deməkdir. Bu isə heç bir halda qəbul oluna bilməz”.

Qeyd edək ki, bu gün ölkədə fəaliyyət göstərən bir sıra saytlarda APA-ya istinadən Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı xəbər yayıb. Amma APA-nın nə saytında, nə də informasiya bülletenində bu gün belə xəbər yer almayıb.

Xatırladaq ki, mayın 15-də APA-da yayılan xəbər bu şəkildə olub: “Müdafiə Nazirliyi Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, ilkin araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə ölüb. Bundan sonra əsgər Vüsal Nəbiyev intihar edib. Faktla bağlı cinayət işi başlanıb. Məcnun Qarazadə İmişli, Vüsal Nəbiyev isə Hacıqabul rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR