Azərbaycan banklarının mənfəəti kəskin azalıb

Azərbaycan banklarının mənfəəti kəskin azalıb
# 28 iyun 2012 13:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar-aprel ayları ərzində 17,34 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə bu göstərici üzrə 2 dəfəlik azalma müşahidə olunub.

Qeyd edək ki, yanvar-mart aylarında bankların mənfəəti 38,61 mln. manat olub. Yəni, aprel ayını banklar 21,27 mln. manat həcmində zərərlə başa vurub. Müqayisə üçün bildirək ki, ötən ilin aprelində də zərər müşahidə olunub və onun həcmi 4,44 mln. manata bərabər olub.

Yanvar-aprel aylarında bankların faiz gəlirləri 413,21 mln. manat, faiz xərcləri 214,67 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 198,54 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 104,95 mln. manat, qeyri-faiz xərcləri isə 182,28 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 77,33 mln. manata bərabər zərər yaranıb.

Qeyd edək ki, 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə faiz mənfəəti 24,4%, qeyri-faiz zərəri 0,01% artıb. O cümlədən, faiz gəlirləri 18,8%, faiz xərcləri 14,1%, qeyri-faiz əməliyyatları üzrə gəlirlər 20,6%, xərclər isə 10,9% artıb. Aprel ayında yekun zərərin yaranmasının əsas səbəbi bankların aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalarının kəskin artması olub. Belə ki, bu göstərici yanvar-mart aylarında 40,64 mln. manat olduğu halda, təkcə aprel ayında ayırmalar 63,30 mln. manat təşkil edib. Həmçinin qeyd olunmalıdır ki, ötən ilin aprel ayı ilə müqayisədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 2,7 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR