Avropalılar «sərt qənaət» həyat tərzinə keçiblər

Avropalılar «sərt qənaət» həyat tərzinə keçiblər
# 07 avqust 2012 12:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Avropa əhalisi öz ölkələrinin çağırışlarına qoşularaq qənaət etməyə başlayıblar: avrozonada yaşayanlar daha ucuz ərzaq alır, iri alqı-satqıları azaldır və getdikcə daha çox internet-mağazalardakı endirimlərdən istifadə edirlər.

«APA-Economics»in «The Wall Street Journal»a istinadən məlumatına görə, əhalinin bu davranışı başa düşüləndir: «Avropada işsizlik rekord həddədir, tənəzzül dərinləşir. Bununla yanaşı, avropalıların istehlakçı vərdişlərinin dəyişməsi iqtisadiyyata və şirkətlərin gəlirlərinə uzunmüddətli təsir göstərə bilər».

Son statistik məlumatlar göstərib ki, avrozona ölkələrinin 17-də istehlakçı əminliyi göstəricisi 2009-cu ildən indiyədək ən aşağı həddə düşüb. Bu il Qərbi Avropada mal və xidmətlər üzrə istehlak xərclərinin 0,9% azalması gözlənilir.

Artıq fransızlar bu ilin II rübündə I rübə nisbətən 0,2% az pul xərcləyiblər. «Euromonitor International» şirkətinin apardığı bazar araşdırmaları göstərib ki, baş verənlər ən çox ərzaq bazarına təsir edir. Uzun illər ərzində avropalılar ev üçün ərzaq mallarına amerikalılardan az qala 2 dəfə çox pul xərcləyirdilər. Amma yüksək qiymətlər insanları ərzağa da qənaət etməyə vadar edir. Bu il Qərbi Avropada ailə üçün ərzaq xərcləri 2,7% azalacaq. İstehlakçılar sərt qənaət rejiminə keçir və daha çox endirimli qiymətlə mal satan supermarketlərdən alqı-satqı etməyə üstünlük verirlər.

Böhran nəticəsində avropalılar restoranlara getməyi də azaldıblar – bu il restoranda xərclənən pullar 3,5% azalacaq. Əvəzində onlayn mağazalar qızğın inkişaf edir – qarşıdakı 5 ildə bu bazar 12% artacaq.

İstehlak vərdişlərinin dəyişməsi və əhalinin qənaətə keçməsi artıq Avropa şirkətlərinin gəlirlərinə təsir etməyə başlayıb. «Stoxx 600» indeksinə daxil olan 180 şirkətin ilk yarım illik üzrə hesabatlarından məlum olub ki, onların gəliri ötən ilə nisbətən 12% azalıb. Analitiklər hesab edir ki, gələn rübdə bu göstərici daha 6,2% azalacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR